Jurnalist Rey Kərimoğlu əməliyyat olunub

Qarabağ müharibəsi veteranı, jurnalist Rey Kərimoğlu mayın 21-də Akademik Mirqasımov adına Respublika Kilinik Xəstəxanasında əməliyyat olunub.

 “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov “Media forum” saytına deyib ki, əməliyyat normal keçib: “Reyin çənə nahiyəsində vəzlərin bərkiməsi halı olduğu üçün təcili əməliyyat olundu. Əməliyyat başa çatıb, Rey hazırda reanimasiya şöbəsindədir. Ona görə də həkimlər hələlik onunla görüşə icazə vermirlər”.

Rey Kərimoğlu 1967-ci il mayın 9-da Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib. 1988-1991-ci illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunu, 1996-2001-ci illərdə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunun hüquq fakültəsini bitirib.

1988-ci ildə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları yenidən baş qaldırandan Rey Kərimoğlu özünümüdafiə dəstələrinə qoşulub, torpaqların keşiyində durub.

Könüllü olaraq Milli Ordu sıralarına üzv olan Rey Kərimoğlu Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin başçılıq etdiyi hərbi hissənin kəşfiyyat dəstəsində erməni işğalçılarına qarşı döyüşüb.

1992-ci il avqustun 9-da Xankəndi istiqamətində, Noraguh kəndi yaxınlığında növbəti kəşfiyyat əməliyyatı zamanı yaralanıb. 

Aldığı yarayla əlaqədar 1993-cü il fevralın 26-da ordudan tərxis olunub. 2-ci qrup Qarabağ əlilidir.

1995-ci ildən dövri mətbuatda çalışan Rey Kərimoğlu “Zaman”, “Əlillər”, “Şərq”, “Vətəndaş Həmrəyliyi”, “Bizim Yol”, “Milli Yol”, “Yeni Müsavat” qəzetlərində müxtəlif vəzifələrdə işləyib.

1996-cı ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2001-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyır.

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) İdarə Heyətinin üzvdür.

Rey Kərimoğlu hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışır.

Ailəlidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO