Məhbus jurnalist Pərviz Həşimli köçürüldüyü 13 saylı Cəzaçəkmə Müəssisəsində karantindədir. Bu barədə Pərviz Həşimlinin həyat yoldaşı İlahə HəşimliModern.az saytına açıqlamasında bildirib.
Yanvarın 9-da Pərviz Həşimli saxlanıldığı Bakı İstintaq Təcridxanasından Qaradağ rayonunun Güzdək qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
O, karantin müddətinin yanvarın 24-də başa çatacağını bildirib: “Görüş üçün vəkillər Ədliyyə Nazirliyinə yazılı müraciət ediblər, cavab gözləyirlər. Karantində olduğu üçün telefon əlaqəsi saxlamağına da icazə verilmir. Pərvizi 15 günə yaxındır köçürüblər, hələ ki heç bir məlumat ala bilmirik. Bu da övladımın psixoloji durumuna daha da pis təsir edir”.
Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.