Yanvarın 28-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Azərbaycanda dövlət satınalmaları sistemində şəffaflıq” mövzusunda jurnalist araşdırmaları müsabiqəsinin nəticələrini açıqlayıb. “Media forum” xəbər verir ki, təşkilatın sədr müavini Rövşən Ağayev bildirib ki, müsabiqənin məqsədi Azərbaycanda dövlət satınalmaları sahəsində mövcud problemləri aşkarlamaq, bu sahədəki problemlərin həllinə KİV-in, vətəndaş cəmiyyətinin və ictimaiyyətin diqqətini artırmaqdir: “Ötən ilin oktyabrında elan edilən müsabiqəyə 7 yazı təqdim olunub. Yazıların qiymətləndirilməsi üçün 2 jurnalist (Şahvələd Çobanoğlu və Qurban Yaquboğlu) və 1 hüquqşünas (Abil Bayramov) olmaqla müsabiqə komissiyası yaradılıb. Komissiya layihə ekspertləri ilə birgə müzakirələr apararaq yazıların qiymətləndirilməsi üçün 10 meyar müəyyən edib. Hər meyar üzrə 10 ballıq şkala ilə qiymətləndirmə aparılıb”.
Qiymətləndirmənin nəticələrindən danışan R.Ağayev yekun qərarın təqdim edilən yazıların əksəriyyəti jurnalist araşdırmaları janrının tələblərinə uyğun olmadığını deyib. Bu səbəbdən müsabiqənin tələblərinə uyğun üç mükafat deyil, bir mükafat vermək mümkün olub. Komissiya “Azadlıq” radiosunun əməkdaşı Səadət Akifqızının “Onun arabası var…” yazısını mükafata (500 manat) layiq bilib. Bununla yanaşı, komissiya belə qərara gəlib ki, müsabiqəyə təqdim edilən qalan bütün yazıların hər birinə görə 100 manat məbləğində həvəsləndirmə mükafatı verilsin.