Elçin İsmayıl oğlu Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbin birinci sinfinə gedib və 1974-cü ildə həmin məktəbi bitirib. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası üzrə bitirib.
1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində İnformasiya-reklam şöbəsinin müfəttişi olub. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmət keçib və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşən sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib. 1981-ci ilin iyul-avqust aylarında “İnturist” ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub.
1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləyib. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent işləyib. 1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək “Azəpbaycan Kommunisti” – “Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək “Ayna”-“Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək “Al-ver” qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək “Ayna Mətbu Evi” şirkətinin prezidenti vəzifələrində çalışıb.
Hazırda “Ayna”-“Zerkalo” qəzetinin baş redaktorudur. Evlidir. İki övladı var.