“Çiynində yəhudi başı gəzdirən azərbaycanlı… “


Yaşasaydı, bu gün dostlarını, həmkarlarını, onu istəyənləri 51-ci doğum gününə yığacaq, yubileyini təntənə ilə qeyd edəcəkdi. Bəlkə də heç yubiley-filan keçirmək fikrinə düşməyəcəkdi. 51-ci doğum gününü özü kimi çox sadə, sakit tərzdə, dinməz-söyləməz, eləcə daha bir şedevr yazısını qələmə almaqla qeyd eləyəcəkdi.

Amma yox, onu istəyənlər çox idi, onlar bu istedadlı və bənzərsiz adamı tək qoymayacaqdı, mütləq zəng vurub “yoldan çıxaracaqdılar”: “Mamed, bu gün yığışırıq, gözləyirik ha, gecikmə…” …Dost sarıdan da, həlim xasiyyət sarıdan da, istedad sarıdan da yarıyanlardan olan bu gözəl insanı çoxu tanıyır. Bu – Məmməd Nazimoğludur. Müasir jurnalistika məktəbinin görkəmli nümayəndəsi olan rəhmətlik Məmməd Nazimoğlu.
M.Nazimoğlunun özünəməxsus dəsti-xətti, üslubu var idi. Yazılarındakı duzlu yumor, incə satira, kəskin sarkazm onu digər həmkarlarından fərqləndirən əsas cəhətlərindən biri idi. Elə sonuncu dəfə “mediaforum” saytında onun özü haqda yazdığı məqalə təqdim olunmuşdu. Məmməd bəyi bəlkə də özündən başqa heç kim yaxşı analiz edə bilməz.
Məmməd bəy “Çiynində yəhudi başı gəzdirən azərbaycanlı” sərlövhəli həmin məqalədə 40 yaşı münasibətilə bunları yazırdı: “Sentyabrın 28-i ad günümdür. Yuxarıdakı şəkilə diqqətlə baxsanız, görərsiniz ki, 1959-cu il təvəllüdlüyəm. Amma mənə 40-dan çox yaş vermək olmaz. Cavan qalmağım abırsızlıqla bağlı məsələ deyil. Elə olsaydı, şair Qulu Ağsəs ”Bu adam özü abırlı olsa da qələmi çox həyasızdı” kəlməsini işlətməzdi. Çoxlu lətifə bilirəm. Bir çox lətifələri özüm düzəltmişəm. Bunun yollarını araşdırmışam və lətifəşünaslıqda heç bir yəhudidən geri qalmaram. Belə desək, çiynində yəhudi başı gəzdirən azərbaycanlıyam. Ona görə fəxr edirəm ki, Azərbaycanda məndən bir dənədir”.
Bunlar M.Nazimoğlunun 40 yaşında özünü “təbrik edən” sözləridir. Bu gün isə onun 50 yaşı tamam olur. Amma heyf ki, onun özünü təbrik edən belə şirin, səmimi, isti sözlərini daha oxuya bilməyəcəyik. Heyf… Buna görə də 50 illik yubileyi ilə bağlı Nazim bəyin ən yaxın dostlarının, həmkarlarının fikirlərini aldıq.
“Xalq qəzeti”nin müxbiri İlqar Həsənov tələbə yoldaşı və həmkarı olan Nazim bəyi söz üçün cibə girməyən adam kimi xatırlayır: “Məmməd Nazimoğlu tələbə yoldaşım olub. Məndən iki kurs aşağıda oxusa da daim onunla birgə olmuşuq. Ayın 23-də məzarını ziyarət edib gəlmişəm. Hər il avqustun 24-də mənim ad günümlə əlaqədar ”525-ci qəzet”də yazılar yazırdı. Sonrakı illərdə iki dəfə yaza bilmədi. Biz qərara gəlmişdik ki, mənimlə bağlı daha iki yazı yazsın və onları kitab şəklində çap etdirək. Çox təəssüf ki, alınmadı və Məmməd haqqımda cəmi 8 yazı yaza bildi. Məmməd çox qeyrətli oğlan idi. Azərbaycan jurnalistikasında onun səviyyəsində ikinci jurnalist tanımıram. Jurnalistika istedadlı adamların toplaşdığı yerdir və bu gün də bacarıqlı jurnalistlərimiz var. Ancaq Məmmədin üstünlüyü onda idi ki, neçə-neçə istedadlı cavan uşaqların əlindən tutub jurnalistikaya gətirmişdi. Məmməd söz üçün məəttəl qalan adam olmayıb, sözü necə və harada işlətməyi bacarıb, jurnalistikaya yeni söz, fikir gətirən adam olub. Allah ona rəhmət eləsin. Məmməd Nazimoğlu böyük söz adamı idi”.
“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu görkəmli həmkarını həm xoşbəxt, həm də bədbəxt adam kimi tanıyır: “Məmməd Nazimoğlunu bu dünyanın ən xoşbəxt adamlarından biri kimi tanıyırdım. Çünki çox gözəl insan, çox istedadlı jurnalist, çox böyük vətəndaş idi. Belə təmiz adamla, peşəkar jurnalistlə bir zəmanədə yaşamaq belə əsl səadətdir. Amma mənə onunla oturub-durmaq, bir yerdə çalışmaq da qismət olub. Mən Məmməd Nazimoğlunu həm də bu dünyanın ən bədbəxt adamlarından biri kimi tanıyırdım. Çünki o, gözəl insan, istedadlı jurnalist, böyük vətəndaş üçün cəhənnəmdən də betər olan bir ölkədə yaşayırdı. Ömrü Allah verir, amma mən Məmmədin bu dünyadan çox cavan getməsini həm də çəkdiyi mənəvi əzabların nəticəsi sayıram. Məmmədin ruhu nə vaxt şad olacaq, bilirsinizmi? Bizim ölkəmiz gözəl insan, istedadlı jurnalist, böyük vətəndaş üçün cənnət olan vaxt”.
Şair Musa Yaqub M.Nazimoğlunun mobil telefon nömrəsini öz telefonunun yaddaşında indiyə kimi saxladığını deyir: “Nazimoğlu əlimizdən qəfil getdi. Yoxluğuna inana bilmirəm deyə onun telefon nömrəsini də telefonumdan silə bilmirəm. Elə bilirəm ki, ona hər gün zəng edəcəyəm. Elə qismət olmuşdu ki, Söz Azadlığını Müdafiə Fondunda onunla bir yerdə işlədik. Onu çox yaxından tanıdım, sevdim. Onun xəstə olmasını heç vaxt görmədim. Eyni zamanda Məmməd çox təvazökar oğlan idi, deməzdi ki, yazılarım filan yerdə çıxır. O, həm yazıçı, reportyor, həm də televiziya jurnalist idi. Yəni onun istedadı imkan verirdi ki, hər yerdə işləsin. Həmçinin bizim klassik jurnalistlərdən gələn priyomlardan müasir qaydada ifadə etməyi bacaran jurnalist idi. Nazimoğlu adamı təəccübləndirir, heyrətləndirirdi. Gözəl şeirlər müəllifi idi. Ölümü ərəfəsində şeirində yazırdı ki, ”başıma doğru gedirəm”. Sanki ölümünü hiss edirdi. Məmməd Nazimoğlu əbədi yaşayacaq”.
Xatırladaq ki, Məmməd Nazimoğlu 1959-cu ilin bu günü Ağdaş rayonunun Qobuüstü kəndində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib. Ölkənin ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarından biridir. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” qəzetlərinin, “525-ci qəzet”in yazarı olub. Eyni zamanda ANS telekanalında efirə gedən “Qulp” verilişinin müəlliflərindən biri, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru idi. Məmməd Nazimoğlu 2008-ci il, iyulun 6-da vəfat edib. Ruhu şad olsun…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO