İTV-nin baş direktorunun təkrar bu vəzifəyə seçilməsinə məhdudiyyət yoxdur

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə aprelin 4-də yeni müsabiqə elan edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə yeni namizədlərin sənədləri 4 aprel 2013-cü il tarixindən 19 aprel 2013-cü il tarixinədək qəbul ediləcək.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırki baş direktoru İsmayıl Ömərov 2005- ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə bu vəzifyə seçilib.

MTRŞ-nin sözügedən müsabiqəsi elan olunduqdan sonra bəzi ekspertlər mediaya açıqlamalarında eyni şəxsin İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə yalnız bir dəfə seçilə biləcəyini iddia ediblər. Bəs qanunvericilik nə deyir?

Modern.az saytı “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun bu məsələ ilə bağlı tələblərini araşdırıb. Qanunun 21-ci maddəsinin 1-ci bəndində göstərilib ki, ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan baş direktor Yayım şurası tərəfindən 4 il müddətinə seçilir.

Baş direktorun səlahiyyətlərinə yalnız aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
– öz ərizəsi ilə;
– elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutduqda;
– Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
– məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda, cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
– vəzifəsinin öhdəsindən gələ bilmədikdə.

“İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun 21.9. maddəsinə əsasən, baş direktorun təkrar seçilmək hüququ var.

Bu isə o deməkdir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin səlahiyyət müddəti başa çatan hazırki baş direktoru İsmayıl Ömərovun qanunla yenidən bu vəzifəyə nazmizəd ola biləcəyi istisna deyil.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO