İsveçin Malmö şəhərində “Bütöv Azərbaycan ” telekanalının açılış mərasimi keçirilib

İsveçin Malmö şəhərində “Bütöv Azərbaycan televiziya kanalının açılış mərasimi keçirilib.

SalamNews-un xüsusi müxbirinin verdiyi xəbərə görə, mərasim ənənəvi rəmzi lentin kəsilməsi ilə başlayıb.

Kanalın təsisçiləri – Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri professor Mirəşrəf Fətiyev və təşkilatın İdarə Heyətinin üzvü Cavad Derəxti mərasimə qatılmış qonaqlarla studiyaya baxış keçiriblər.

“Bütöv Azərbaycan” adlanan yeni televiziya kanalı İsveçdə qeydiyyatdan keçib. Kanalın müasir HD formatı ilə yayımlanacağı haqda qərar qəbul edilib. Bütün texniki vəsaitin bu formata uyğun olduğu bildirilib.

Televiziyanın açılış mərasiminə Azərbaycandan və Avropa ölkələrindən olan soydaşlarımız və Türkiyənin mətbuat təmsilçiləri qatılıblar. Tədbirin xüsusi qonaqları sırasında Milli Məclisin deputatları Etibar Hüseynov, Xalq artisti Bilal Əliyev də olub. Azərbaycan diaspor qurumlarından İsveçin Azərbaycan Federasiysı, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK), Güney Azərbaycan Milli İstiqlal Partiyası, DAK kimi təşkilatların təmsilçiləri bu tədbirdə iştirak etməklə Bütöv Azərbaycan televiziyasına hər zaman yardıma hazır olduqlarını bildiriblər.

Açılışdan sonra Mirəşrəf Fətiyev və Cavad Derəxti mətbuat konfransı keçiriblər.

M.Fətiyev bildirib ki, bəzi dövlətlərin İslam və demokratiya ənənələrinə hörmətsizlik göstərməsi hallarının ilbəil şiddətlənərək ölkənin köklü xalqlarına, xüsusən, azərbaycanlılara qarşı açıq terror və etnik diskriminasiya mərhələsinə keçməsi “Bütöv Azərbaycan” televiziya kanalının yaradılması zərurətini doğurdu.

Onun sözlərinə görə, kanalın əsas məqsədi İranda baş verən hadisələri dünyaya çatdırmaq, bununla da dünyanın diqqətini Güney Azərbaycan mövzusuna yönəltməkdir. Bütöv Azərbaycan TV Güneydəki toplumumuzun və mühacirətdəki güneyli soydaşlarımızın arzu və maraqlarının təmin edilməsi istiqamətində çalışacaq.

O söyləyib ki, Qarabağın işğalı haqqında videomateriallar televiziyada prioritet təşkil edəcək. Kanal bütün dillərdə yayımlanmaq hüququna malikdir.

C.Derəxti isə Azərbaycanın yeni kanalın açılması ilə bağlı deyib: “Biz Azərbaycanın İsveçdəki səfirinə telefon açdıq, ona dəvətnamə göndərdik, ancaq nə faydası, İsveçdəki səfirliyimizdən bir nümayəndə belə xalqımız üçün bu mühüm hadisəyə nəinki qatılmadı, heç zəng edib təbrik belə etmədi. Biz Bütöv Azərbaycandan, Qarabağ dərdindən danışıb bu sahədə bir iş görmək istəyirik, ancaq dəstək əvəzinə laqeydlik görürük.”

Deputat Etibar Hüseynov kanal təsisçilərinə Quran hədiyyə edib.

Çıxış edənlər arasında Rusiya Xalqlar Universitetinin dosenti Oqtay Hüseynov, İsveçin Azerbaycan Federasiyası təşkilatının sədri Səttar Sevgin və başqaları olublar. S.Sevgin yeni kanalın büdcəsinə 5000 kron vəsait köçürüb.

İsveç qanunvericiliyinə uyğun şəkildə təsis edilən və fəaliyyətə başlayan yeni telekanalın başlıca məqsədi Bütöv Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri dünya ictimaiyyətinə aşılamağı və bununla da Azərbaycanın Ermənistan təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünün bərpasınin təbliği də “Bütov Azərbaycan” televiziyasının əsas fəaliyyət istiqaməti kimi təsdiqlənib.

Xatırladaq ki, “Bütov Azərbaycan” televiziya kanalının təsisçiləri DAK sədri, Rusiya Xalqlar Dostluğu universitetinin professoru Mirəşrəf Fətiyev və Dünya Azərbaycanlıları Milli Birliyinin (DAMB) sədri, Güney Azərbaycandan olan soydaşımız, tanınmış ictimai xadim Cavad Derəxtidir.

Demokratik dəyərlərə, insan haqları və azadlıqlarının təminatına zəmanət verən İsveç qanunvericiliyi “Bütov Azərbaycan” TV-nin məqsəd və vəzifələrinin sərbəst şəkildə həyata keçirilməsinə əlverişli şərait yaradır. Ümumbəşəri dəyərlərin qanun qücü ilə qorunduğu bir məkandan dünyaya yayımlanan «Bütöv Azərbaycan» TV-nin verilişləri azərbaycan, rus, fars, ingilis və s. dillərdə tamaşaçıların diqqətinə təqdim olunacaq.

– See more at: http://az.salamnews.org/az/news/read/74958/isveccedilin-malmouml-sheherinde-buumltoumlv-azerbaycan-telekanalinin-accedililish-merasimi-keccedilirilib/#sthash.aqh4SVUf.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO