Noyabrın 26-da İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Forum Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən “Beynəlxalq Əməkdaşlıq Platforması” tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunur. Tədbirdə yüzdən artıq ölkədən dəvət olunmuş dövlət və hökumət başçıları, rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının, analitik mərkəzlərin və qlobal şirkətlərin rəhbərləri iştirak edirlər.
Beynəlxalq tədbir dünyanın müxtəlif ölkələri arasında iqtisadi, siyasi, diplomatik və enerji sahəsində əlaqələrin daha da dərinləşməsi, dövlətlər arasında müasir dövrün tələblərinə uyğun əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, bəşəriyyəti narahat edən məsələlərin həlli üçün birgə fəaliyyət mexanizmlərinin hazırlanması və digər bu kimi mühüm mövzuların müzakirə edildiyi platforma hesab olunur.
Builki forumda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Makedoniya Prezidenti George İvanov, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı, habelə Küveyt, Polşa, Qətər, Malayziya və dünyanın bir çox ölkəsindən dövlət rəsmiləri də iştirak edirlər.
Forumda Azərbaycanı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edir.
Noyabrın 28-dək davam edəcək tədbir “Hər kəs üçün inkişafa beynəlxalq təhdid: Ticarət müharibələri”, “Yeni istiqamətlər axtaran dünyada dayanıqlı gələcəyin şifrələri”, “Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, “Sülh üçün müdafiə və təhlükəsizlik”, “Gələcəyin texnologiyalarına doğru”, “İqtisadi inkişafın təşkilində medianın rolu” və digər mövzular üzrə çıxışlar və panellərlə işini davam etdirəcək.
Sabir Şahtaxtı, AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul