İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin roluna dair müzakirələr aparılıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az  portalının bazasında keçirilən diskussiyaları davam etdirib.

Müzakirələrdə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, islamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, fəlsəfə elmləri doktoru Zəkiyə Əbilova, filologiya elmləri doktoru Ramiz Əskər və jurnalist Əliheydər Qasımov iştirak ediblər.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, “İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin rolu” mövzusunda keçirilən tədbirə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev moderatorluq edib.

Orta əsrlərdə yaşamış azərbaycanlı mütəfəkkirlərin yaradıcılığı haqqında geniş məlumat verən alimlər, onların İslam və eləcə də dünya mədəniyyətinə və elminə bəxş etdikləri nailiyyətlər barədə fikir bildiriblər. Vurğulanıb ki, orta əsrlərdə islam dünyagörüşünün Azərbaycanda hakim mövqe tutması və həyatın bütün sahələrinə nüfuz etməsi Azərbaycan mədəniyyətinə də öz təsirini göstərib. Bəhmənyar, Xətib Təbrizi, Siracəddin Urməvi, Əkmələddin Naxçıvani, Şəhabəddin Sührəvərdi, Nəsirəddin Tusi, Seyid Yəhya Bakuvi, Fazil İrəvani kimi dünya miqyaslı alimlərin yaradıcılığı ilə bağlı geniş müzakirə aparılıb. Azərbaycanlı alimlərin təsəvvüf, fəlsəfə və ümumiyyətlə, Şərq ictimai fikrində, mədəniyyətində xüsusi rol oynadıqları vurğulanıb. Qeyd olunub ki, memarlıq, nəqqaşlıq və gözəl yazı (xəttatlıq – kaliqrafiya) kimi sənətlərdə azərbaycanlı sənətkarların yüksək peşəkarlıqla hazırladıqları sənət nümunələrinə Təbriz, Ərdəbil, Naxçıvan və Bakı başda olmaqla Azərbaycanın bir çox şəhərində rast gəlinir.

Azərbaycan İlahiyyat İnstitutunun gələcəkdə bu istiqamətdə görəcəyi işlərdən danışan A.Şirinov AMEA-nın Əlyazmalar İnstitutu ilə əməkdaşlıq, orta əsr Azərbaycan alimləri barədə kitabların yazılması, əlyazmaların tədqiq edilməsi kimi məsələlərin nəzərdə tutulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO