Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ISESCO ilə birgə bu təşkilatın Mərakeşin paytaxtı Rabat şəhərindəki iqamətgahında “Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri” mövzusunda konfrans təşkil edib.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda Dövlət Komitəsinin nümayəndələri, ISESCO-nun rəsmiləri, Azərbaycanın Mərakeşdəki səfiri Tariq Əliyev, səfirliyin əməkdaşları, Rabatda akreditasiya olunmuş səfirliklərin təmsilçiləri, o cümlədən, Türkiyənin, Çinin, Malaziyanın səfirləri, elm adamları, ictimaiyyət nümayəndələri, media təmsilçiləri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.
Konfransın açılışında çıxış edən ISESCO baş direktorunun müavini xanım Əminə əl-Hicri müasir dünyada tolerantlığın və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb. O, İslamdakı tolerantlıq prinsiplərindən danışaraq, ISESCO-nun bu sahədəki fəaliyyətinə toxunub. Eyni zamanda, xanım əl-Hicri tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın müsbət təcrübəsini xüsusi qeyd edib.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərdən biri kimi təbliğ etdiyi tolerantlığın Azərbaycan xalqının əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan ərazisində bütün etnik və dini qrupların mehriban bir ailə kimi yaşamasında, onların sülh və əmin-amanlıq şəraitində istər ölkəmizin, istərsə də regionun inkişafı üçün çalışmasında, ümumiyyətlə, bu böyük nailiyyətin əldə edilməsində və nəsildən-nəslə ötürülməsində ölkəmizin aparıcı dini olan İslam dininin böyük rolu olub. Ancaq təəssüf ki, son zamanlar dünyanın müxtəlif regionlarındakı müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə çalışan bəzi qüvvələr var. Belələrinə və İslamın humanizmdən uzaq din kimi qələmə vermə hallarına bəzi Qərb ölkələrində tez-tez rast gəlinir. Belə münasibəti İslam dininə, bütün müsəlman dünyasına və onun tərkib hissəsi kimi Azərbaycan xalqına qarşı ən azı ədalətsizlik hesab etmək olar.
G.İsmayılov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmış, bu sahə dövlət nəzarəti altına keçirilmişdir. Ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə tolerantlıq mühiti Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinə uyğun olaraq daha da möhkəmlənmiş, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. O, Ümummilli Lider Heydər Əliyevin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısı olduğunu xüsusi qeyd edib. O bildirib ki, bu gün Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstərilə biləcək həqiqətdir.
Eyni zamanda, o, qeyd edib ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyəıtinin xüsusi vurğulmaq lazımdır. Bu gün Azərbaycan hökumətinin əsas məqsədlərindən biri tarixən ölkəmizdə formalaşmış və xalqımızın xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələrini daha da inkişaf etdirmək, həmçinin, tolerantlığı və dinlərarası dialoqu beynəlxalq aləmdə təşviq etməkdir. Bu məqsədlə Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, böyük layihələrin iştirakçısı və icraçısı qismində çıxış edir.
G.İsmayılovun sözlərinə görə, bu sahədə Azərbaycanın təcrübəsinin dünya miqyasında öyrənilməsi və tətbiq edilməsinin zəruriliyi beynəlxalq təşkilatlar, nüfuzlu din xadimləri və diplomatlar səviyyəsində etiraf olunan həqiqətdir. Hətta bu təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətində konkret təkliflər verən və gərəkli addımlar atan beynəlxalq qurumlar və tanınmış din xadimləri də var. Bu baxımdan ölkəmiz, Azərbaycanın təcrübəsinin yayılmasında beynəlxalq təşkilatlar, o cümlədən ISESCO ilə sıx əməkdaşlıq edə bilər.
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə toxunan G.İsmayılov işğal olunmuş ərazilərimizdə xalqımıza məxsus İslam abidələrinin vandalcasına dağıdıldığını və Ermənistanın bu siyasətinin regionda sülh və mədəniyyətlərarası dialoq üçün ciddi təhdid və təhlükə olduğunu vurğulayıb.
Açılışdan sonra konfans panel şəklində öz işini davam etdirib. Konfransda ISESCO-nun mədəniyyət və kommunikasiya üzrə direktoru doktor Əhməd Oqlah Sayyad Alnezi, II Həsən adına Universitetin professoru xanım Karima Yatrbi, eyni zamanda, ISESCO-nun Planlaşdırma, informasiya və sənədləşdirmə mərkəzinin rəhbəri Mustafa Ahmed Ali, DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Niyaz Yaqubov çıxış edərək, İslam dünyasındakı tolerantlıq prinsiplərindən, mövcud dünyanın tolerantlığa olan ehtiyacından və Azərbaycanın təcrübəsinin xüsusiyyətlərindən danışıblar.
Konfrans çərçivəsində ISESCO-nun Baş qərargahında “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı sərgi təşkil edilib. Sərgidə Azərbaycanda tarixi-dini abidələrin, məscid və ziyarətgahların, o cümlədən, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş və yenidən qurulmuş məscid və ziyarətgahların fotoları nümayiş olunub.
Konfrans başa çatdıqdan sonra ISESCO-nun baş katibi Əbdüləziz Osman əl-Tüveycri Azərbaycandan gələn nümayəndə heyəti və Azərbaycanın Mərakeşdəki səfiri T.Əliyevi qəbul edib. Görüşdə Azərbaycanın tolerantlıq ənənələri, İslam dünyasındakı tolerantlıq ənənələrinin təbliğ edilməsinin zəruriliyi və digər məsələlər müzakirə olunub. Əl-Tüveycri bildirib ki, Azərbaycanın tolerantlıq sahəsində zəngin bir ölkə olması İslam dünyası üçün böyük bir üstünlükdür. G.İsmayılov tədbirin təşkilinə görə, eyni zamanda, Azərbaycanı dəstəklədiyinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına görə əl-Tüveyriciyə öz təşəkkürünü bildirib.