İsrailin baş naziri Benyamin Netanyahu internetdə təhlükəsizliyin təmini üzrə beynəlxalq təşkilat yaratmağı təklif edib. Mincom.gov.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat verib. Baş nazirin sözlərinə görə, yeni təşkilat Birləşmiş Millətlər Təşkilatı (BMT) şəklində və üsulunda fəaliyyət göstərməlidir: “İnterneti mühafizə etmək üçün bizim BMT-yə bənzər təşkilata ehtiyacımız var. Bu, hökumət nümayəndələri və nəhəng texnoloji şirkət rəhbərlərindən ibarət koalisiya olmalıdır”. İsrail baş naziri Tel-Əvivdə keçirilən kibertəhlükəsizlik üzrə beynəlxalq “Cybertech-2014” konfransının açılışında çıxışı zamanı belə deyib. B. Netanyahu qeyd edib ki, yalnız belə beynəlxalq orqanın yaradılması interneti xilas etməyə, eləcə də müasir kiberməkanın başlıca problemi olan fərdi məlumatların təhlükəsizliyi üzrə təhdidlərin öhdəsindən gəlməyə imkan verəcək. Xatırladaq ki, baş nazir internet və informasiya texnologiyalarının inkişafı mövzusunu bir neçə gün əvvəl Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışında da qaldırıb və nəhəng internet şirkətlərini İsrailin İT sektorunda birgə fəal əməkdaşlığa və ölkədən “tədqiqat inkubatoru” kimi istifadə etməyə çağırıb.