İlham Əliyev: “Mətbuat xalqın maraqlarını müdafiə etməlidir”

Azərbaycanda siyasi plüralizmin təmin edilməsində kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına müraciətində bildirib. Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

İlham Əliyev müraciətdə bildirib ki, 1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılmış, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılmış və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilib: “Azərbaycan jurnalistlərinin I qurultayında mətbuatın özünü tənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynamışdır”.

Dövlət başçısı qeyd edib ki, Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları və vətəndaşlarla mətbuat arasındakı münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının güclənməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət göstərmişdir: “Bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnaslitlərin sosial-müdafiəsinin təmin edilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirir. KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətə davamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun güclənməsinə öz töhfəsini əsirgəməməlidir. Ümidvaram ki, qurultayda qəbul olunacaq qərarlar Azərbaycan jurnalistikasına ölkə daxilində və xarici aləmdə öz missiyasını daha yüksək səviyyədə davam etdirməyə şərait yaradacaq, milli mətbuatımızın inkişafına müsbət təsir göstərəcək”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO