İqtisadi İnkişaf Nazirliyi (İİN) ulu öndər Heydər Əliyevin 90 illik yubleyi ilə bağlı KİV nümayəndələri arasında təşkil etdiyi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsinin qaliblərini mükafatlandırıb.
SalamNews xəbər verir ki, bu gün Bakı Biznes Mərkəzində keçirilmiş mükafatlandırılma mərasimində İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti qurumlarının, Azərbaycan Mətbuat Şurasının əməkdaşları və KİV nümayəndələri iştirak ediblər. Mükafatlandırılanlar arasında SalamNews İnformasiya Agentliyinin müxbiri Amid İsbəndərov və İnterAz kanalının müxbiri İlkin Nadirov yer alıb.
Müsabiqənin yekunları ilə bağlı keçirilmiş tədbirdə nazirliyin Aparatının rəhbəri Samir Vəliyev çıxış edərək bildirib ki, müasir Azərbaycanın memarı Heydər Əliyevin 90 illik yubleyi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakıda və regionlarda müxtəlif tədbirlər, konfranslar, sahibkarlar üçün H.Əliyevin dərsləri, yaşıllaşdırma aksiyası, şahmat və futbol turnirləri keçirilib. O vurğulayıb ki, nazirlik keçirilən tədbirlərin davamı kimi KİV nümayəndələri arasında “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsini də təşkil edib.
Müsabiqəyə təqdim edilmiş məqalə və süjetlər İqtisadi İnkişaf Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmisil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib.
Tədbirin sonunda bütün müsabiqə iştirakçıları diplom və pul mükafatları ilə təltif olundular.
Xatırladaq ki, İİN-nin tərəfindən Bakı Biznes Mərkəzinin təşkilati, Azərbaycan İnvestisiya Şirkətinin və “Azərlotereya” ASC-nin maliyyə dəstəyi ilə təşkil olunmuş müsabiqəyə ümumilikdə müxtəlif qəzet, sayt və agentliklərdə yerləşdirilmiş 28 məqalə və televiziya süjetləri təqdim edilib.
– See more at: http://az.salamnews.org/az/news/read/74209/iin-salamnews-ia-ve-interaz-tv-nin-emekdashlarini-muumlkafatlandirib-fotolent/#sthash.E4wcIKt1.dpuf