Yanvarın 21-də ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonda internetdə söz azadlığının qorunması mövzusunda çıxış edib. Çıxışında o, internetə senzura tətbiqini tənqid edib.
H.Klinton deyib ki, internetdə senzura tətbiq edən ölkələr özlərini bəşəriyyətin inkişafından uzaqlaşdırır və bununla yalnız özlərinə ziyan vururlar.
“Amerikanın səsi” radiosunun məlumatına görə, H.Klinton vurğulayıb ki, azadlıq artıq vətəndaşların öz hökumətlərinə qarşı qorxusuz və cəzalandırılmadan şəhər meydanına çıxa bilib-bilməməsi ilə ölçülmür. Onun sözlərinə görə, sürətlə mesaj göndərmək, bloqlar və elektron poçtlar ideyaların bölüşdürülməsi üçün yeni imkanlar açıb, eyni zamanda bunlar senzura üçün yeni hədəfə çevrilib.
ABŞ dövlət katibi bildirib ki, kibernetik məkanda hakerlik edən ölkələr və ayrı-ayrı şəxslər bunun nəticələri ilə qarşılaşacaqlar. O, Çin, İran, Tunis, Özbəkistan, Misir və Vyetnamda internetə senzura qoyulmasını xüsusi tənqid edib.
H.Klinton İranda müxalifətin keçirdiyi nümayişlərdən fotoşəkilləri və videoları yayan vətəndaşlara yüksək qiymət verib. O xatırladıb ki, İran dövlətinin nəzarətində olan media bu cür görüntüləri yaymır. Ötən il İrandakı nümayişlər zamanı gənc qadının öldürüldüyünü göstərən videoyazının dünya ölkələrində yayılmasına işarə edən H.Klinton deyib ki, bu, Tehran hökumətinin qəddarlığına “rəqəmsal ittiham” idi.
“Azadlıq” radiosunun məlumatına görə, H.Klinton qeyd edib ki, müasir dünyada bir ölkənin saytlarına hücum hamıya qarşı hücum sayıla bilər. Buna görə də vətəndaşlığından aslı olmayaraq bütün ölkələr hakerlərə qarşı mübarizə aparmalıdır.
ABŞ dövlət katibi bütün ölkələri insanların informasiyaya azad çıxışını təmin etməyə və hakerlərlə mübarizəyə çağırıb.
«Media forum»