Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli açılıb.
Trend-in məlumatına görə, Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.
B.Şyukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri İmadəddin Nəsiminin şerlərini səsləndiriblər.
Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumu 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış şair, ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Atriumda Azərbaycan ədibi və filosofu Mirzə Fətəli Axundovun da abidəsi ucaldılıb.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri ilə görüşüb. Görüş çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olunub, Botanika bağına iki nar tingi hədiyyə edilib.
Tədbir gənclərin konsert proqramı ilə davam edib.
Bakı. Trend: