“Fürsət”i əldən vermək istəmirdi. Ona verilən müddət də başa çatmışdı. Artıq dördüncü avtobusa minib-düşmüşdü. Amma əlindəki partlayıcı qurğunu oturacağın altına qoyub düşməyə gücü çatmamışdı…
…Növbəti dayanacaqda əməliyyatı mütləq yerinə yetirəcəyinə söz verdi Mahmud. Özünə bir qədər ürək-dirək verdi. Yeni və “qazanclı peşəsi”nə həvəslə başlamaq istəyirdi. Ona belə də demişdilər: “Burda çətin heç nə yoxdu. Partlayıcının düyməsini qurursan, skamyanın altına yerləşdirirsən, növbəti dayanacaqda düşürsən. Vəssalam. Sonra sənin ömürlük təminatına bəs edəcək qədər pulları alıb keflə yaşayırsan. Çətin iş bir neçə ölkənin sərhədlərini keçməkdi. Onu da biz “öz adamlarımız” vasitəsilə yerinə yetirəcəyik. Amma tapşırığı yerinə yetirə bilməsən…” Mahmud ona tapşırığı verən adamları tanıyırdı. Bunlar zəncirin sonuncu həlqələri idilər. Amma şəbəkə hara gedib çıxırdı? Radikal dini qruplaşmalaramı, dövlətlərarası təxribat qruplarınamı, yoxsa elə sadəcə insan qanına susamış, belə təxribatlardan “zövq” almağa aludə olan birilərinəmi? Bax bunu, sifariş icraçısı Mahmudun özü də dəqiq bilmirdi. Yəqin ki, əsl sifarişçinin yerini, izini, kimliyini, hansı oyunların təşkilatçısı və ya icraçısı qismində rol aldığını gizlətməkdən ötrü məxfi saxlanılmalı idi zəncirdəki yuxarı eşalon. Bu, həm də terrorçunun ələkeçmə məqamlarında ona əzab veriləndə belə öz rəhbərlərini sata bilməmələri üçün vacib idi.
…Mahmud birinci avtobusu “yeni işində” səriştəsizliyinə, kifayət qədər təcrübə toplaya bilməməsinə görə əldən buraxdı. İkinci avtobusda sərnişin azlığı ona mane oldu. Çünki ona ən azı 30-35 nəfəri qurbana çevirmək, məhv etmək tapşırığı verilmişdi. Üçüncü mindiyi avtobusda bir körpənin məsum baxışı ilə üz-üzə qaldığından içi trotillərlə dolu çantasını sürüyüb maşından salmışdı. Nəhayət nəyin bahasına olursa-olsun mütləq partladacağını qət elədiyi dördüncü avtobus… Mahmud bu dəfə heç kimin üzünə baxmadan “əməliyyatı” başa çatdıracağı anı gözləyirdi…
Avtobus digərlərindən fərqli idi formasına görə. Burada üz-üzə düzəldilmiş yumşaq oturacaqlar sərnişinlərin bir-birini rahat müşahidə eləməsinə şərait yaradırdı. “Terrorizm dərsləri”ndə xüsusi məşq keçmiş Mahmud özünü belə bir duruma da hazırlamışdı psixoloji baxımdan. Heç nəyə məhəl qoymaadan çantasının içində var-gəl edə bilir, partlayıcı qurğunun istiqamətini avtomobilin ortasına yönəltməklə məşğul olurdu. Gözlərini qan tutmuşdu Mahmudun. Ona verilən tapşırıqları, “öyüd-nəsihət”i bir-bir yadına salıb yalnız törədəcəyi dəhşətli partlayışın yaradacağı canlanma barədə düşünürdü. Bir andaca bütün dünyanın onun “yüksək sənətkarlıqla” törətdiyi dəhşət barədə xəbər tutacağını düşündükcə öz-özünə gülümsünürdü də qeyri-ixtiyari.
…Deyirlər nifrətlə məhəbbətin sərhədləri çox yaxındır. Cəmisi bir-neçə saniyənin içərisində düşünməyi bacaran təfəkkür onların arasındakı kövrək sərhədləri adlaya bilər. Ancaq bunun üçün şərait və istək olsa. Yaxın bir saat ərzində “dünya miqyaslı terroristlər” səviyyəsinə yüksələcəyinin şokundan məst olan Mahmud başını yuxarı qaldıranda üzbəüz oturacaqda gözəl bir xanımın əyləşdiyini gördü. Xanımın çöhrəsi bədirlənmiş ayın surətinə bənzəyirdi. Yanaqlarında şölə saçan nur onun üzünə xüsusi yaraşıq bəxş eləmiş cizcilərini işıqlandırır, sanki bütün dünyanı gözəlləşdirirdi. O dünyanı ki, onun içərisində qarışıq fikirlərlə çarpışan Mahmud da, Mahmudun xəyalındakı “qurban siyahısında” özlərinə əməlli-başlı yer eləmiş, bu gözəllikdən zövq aldıqlarından mənzil başına yetişməyə belə tələsməyən xeyli cavan da var idi…
Mahmud odla su arasında qaldı. Gözləri xanımın çöhrəsində, əlləri partlayıcı qurğunun düyməsində. Yadına uzaq məmləkətdə qoyub gəldiyi, onun hara getdiyindən, nə məqsədlə göndərildiyindən bixəbər ailəsi, körpə övladları düşdü, uşaqlığını, gəncliyini, artıq ömürlərinin ahıllıq çağlarını yaşayan ata-anasını xatırladı. İnsan qurbanları hesabına onlara firavan həyat quracağına dair öz-özünə verdiyi vədləri xatırladı. O, bu dəhşəti törədəndən sonra firavan həyat qura biləcək idimi?! Bu sadə insanlar kimi rahat yaşayıb, rahat şəkildə axirət evinə gedə biləcək idimi?! Övladları “dünyanın bir nömrəli terrorçusu” ləqəbli atanı sevib onunla fəxr edəcəkdilərmi?!
Mahmudu məşğul edən cavabsız suallar çox, geriyə qayıtmağa yolsa yox idi…
Avtobusun sərnişinləri və küçədən keçənlər bir azdan həqiqətən də şok yaşamalı oldular. Növbəti dayanacaqda düşən Mahmud heç on metr getməmiş trotillərin qurulmuş düyməsini öz əlində basmışdı…