Gülşən Əhmədova: Əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı əlavə tədbirlər görüləcək

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis polkovniki Gülşən Əhmədovanın Trend-ə müsahibəsi


– Bu ilin payızında Azərbaycanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar vətəndaşların öz seçki hüquqlarını həyata keçirə bilməsi üçün sizin şöbə tərəfindən hansı işlər görülür?

– 2015-ci ilin payızında ölkədə baş tutacaq parlament seçkiləri ilə bağlı hər bir vətəndaşın öz seçki hüququnu həyata keçirə bilməsi üçün biz indidən tədbirlər görürük. Bilirsiniz ki, 16 yaşı tamam olmuş hər bir vətəndaş şəxsiyyət vəsiqəsi götürməli, 25 və 50 yaşları tamam olduqda isə şəxsiyyət vəsiqələrini dəyişməlidirlər. Biz indi əsasən şəxsiyyət vəsiqələrinin müddəti bitdiyinə görə dəyişmə vaxtı çatmış, eləcə də ad və soyadında dəyişiklik baş vermiş vətəndaşlarla aktiv şəkildə işləyirik. Bununla bağlı maarifləndirmə işləri görürük. Əhali xəbərdar olmalıdır. Adam var ki, 50 yaşı tamam olub, amma heç fikirləşmir ki, şəxsiyyət vəsiqəsini dəyişmək lazımdır. Adam isə hesab edir ki, onun şəxsiyyət vəsiqəsi var və o, parlament seçkilərində iştirak edə bilər. Həmin sənəd vətəndaşın 50 yaşı tamam olduğu gündən etibarən hələ bir ay da etibarlı hesab olunur. Lakin sonra həmin sənəd tam etibarsız olacaq. Axı niyə gərək hamı son günü gözləsin? Bunu vaxtında etmək lazımdır.
Digər tərəfdən, qarşıdan yay ayları yaxınlaşır, xaricə istirahətə getmək istəyən çox adam ümumvətəndaş pasportu almağa gələcək. Bunun üçün isə ilk növbədə hamının şəxsiyyət vəsiqəsi olmalı, yaş həddi tamam olanlar isə şəxsiyyət vəsiqəsini dəyişməlidirlər. Ona görə də respublikanın ərazisində səyyar qruplar şəklində xidmətə başlamışıq. Bu iş fəal surətdə davam etdirilir. Məsələn, son zamanlar təşkil edilən səyyar xidmətlər zamanı Goranboy, Qazax, Pirallahı rayonlarında yüzlərlə vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Ümumiyyətlə, Baş İdarə tərəfindən göstəriş verilib ki, bu səyyar xidmətlər bütün ölkə boyu həyata keçirilsin. Əsas hədəf isə hərəkət məhdudiyyəti olan, yol şəbəkəsi pis olan ucqar rayonlarda və kəndlərdə yaşayan insanlardır.

Biz görürük ki, səyyar xidmət forması səmərəli nəticələr verir. Ona görə də parlament seçkiləri öncəsi biz şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı əlavə tədbilər görəcək, səyyar xidmətlərin sayını daha da artıracağıq. Artıq bununla bağlı yerlərdə tapşırıqlar verilib. Biz həmçinin Bakının qəsəbələrində uşaq evlərində əqli qüsurlu uşaqlara şəxsiyyət vəsiqələrinin verilməsini təmin etdik. Bu iş də intensiv davam etdiriləcək. Biz 1 iyun – Uşaqların Müdafiəsi Günü kütləvi tədbirlərin keçirilməsini planlaşdırırıq. Həmçinin may ayında qocalar evində səyyar xidmət göstəriləcək. Psixiatrik dispanserdə, cəzaçəkmə müəssisələrində, eləcə də məcburi köçkünlərin məskunlaşdığı yerlərdə də belə tədbirlər həyata keçirilib və davam etdiriləcək. Kimlər ki, yataq xəstəsidir, hərəkət imkanları məhduddur, bizə müraciət ediləcəyi təqdirdə həmin şəxslərə də səyyar şəkildə xidmət göstərməyə hazırıq. Belə hallar olub.

– Bu günədək Azərbaycan vətəndaşlarına nə qədər şəxsiyyət vəsiqəsi verilib? Xüsusən uşaqların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində vəziyyət necədir?

– Ümumiyyətlə, Azərbaycanda vətəndaşlara 2015-ci ilin martın 31-dək 7 milyon 187 min 179 şəxsiyyət vəsiqəsi verilib. Bunlardan 6 milyon 543 min 88-i 16 yaşından yuxarı, 644 min 91-i isə 16 yaşından aşağı vətəndaşlara verilib.

Biz səyyar xidmətləri əsasən məktəblərdə keçirirdik ki, uşaqlar da şəxsiyyət vəsiqələri ala bilsinlər. Məsələn, Goranboyda valideynlər uşaqları ilə birgə gəlirdilər. Valideynlər həm öz şəxsiyyət vəsiqələrini dəyişir, həm də uşaqlarına şəxsiyyət vəsiqəsi götürürdülər. İndi hələ ki, aprel ayıdır. Azərbaycan vətəndaşlarının imkanları genişləndikcə yay aylarında xarici ölkələrdə istirahətə gedənlərin sayı da getdikcə artır. Lakin çoxlarının yalnız səfər öncəsi yadına düşür ki, uşaqlara pasport almaq, bundan əvvəl isə şəxsiyyət vəsiqəsi götürmək lazımdır. Biz isə indidən bu tədbirləri keçiririk ki, yay aylarında nə vətəndaşlar, nə də bizim üçün gərginlik yaşanmasın. Mən uşaqları ilə birgə xarici ölkələrə səfərə getməyə hazırlaşan valideynlərə əlavə gərginlik və problemlərlə üzləşməmək üçün övladlarının sənədləşmə məsələlərini vaxtında həll etmələrini tövsiyə edirəm.

Qanuna əsasən, 1 günlüyündən tutmuş 16 yaşı tamam olanadək uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün onun valideynləri, əgər valideynləri yoxdursa, qəyyumu bizim İdarəyə ərizə-anketlə müraciət etməlidir. Bundan əlavə, mütləq şəkildə uşağın doğum haqqında şəhadətnaməsi təqdim edilməlidir. Şəhadətnamədə pozuntular, düzəlişlər olanda valideynlər və ya qanuni nümayəndələr buna ciddi diqqət yetirməli və Ədliyyə Nazirliyinə müraciət edərək ya onun dublikatını, ya da notarial qaydada təsdiq edilmiş variantını alaraq bizə təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi 16 yaşınadək vətəndaşlara şəkilsiz verilir. Uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün heç bir rüsum tələb olunmur.

– Əhalinin şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı təşkil edilən səyyar xidmətlərə münasibətiniz necədir?

– Vətəndaşlar da bu tədbirləri çox yaxşı qəbul edir, razı qalır və minnətdarlıq edirlər. Çünki bir var ki, vətəndaş özü polisə gəlib müraciət edərək şəxsiyyət vəsiqəsi götürsün. Bir də var ki, polis özü onun qapısına getsin. Vətəndaş hiss edir ki, polis ona diqqət yetirir, dövlət ona qayğı göstərir. Digər tərəfdən, bu tədbirlər bir daha göstərdi ki, Azərbaycan vətəndaşı öz polisinə etibar edir və onu özünün mühafizəçisi və müdafiəçisi kimi görür. Bu müddət ərzində qəbul etdiyimiz vətəndaşlar bizə, elə şəxsən özümə də müxtəlif problemlərlə müraciət ediblər.

Səyyar xidmətlər çox yaxşı nəticələr verir. Bu idarənin əsas vəzifəsini ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələri ilə təmin etmək, onların qeydiyyat məsələlərini həll etməkdir. Şəxsiyyət vəsiqəsi olmadıqda insan ictimai həyatda iştirak edə bilmir. O demək olar ki, hüquqi cəhətdən mövcud olmur. Şəxsə təhsil almaq, işə düzəlmək, müqavilə bağlamaq, kredit götürmək, nikaha girmək və s. məsələlər üçün mütləq ilk növbədə şəxsiyyət vəsiqəsi lazımdır. Hətta ən son nöqtəmiz olan ölümdən sonra da onun ölüm faktını qeydə almaq üçün şəxsiyyət vəsiqəsi lazım olur və sonda vəsiqə DİN-ə qaytarılır.

– Bəs işinizdə ən çox rastlaşdığınız əsas problem və çətinliklər hansılardır?

– Artıq 30 ildən çoxdur ki, bu xidmətdəyəm. Amma bu qəbullar mənim üçün demək olar ki, bir kəşf oldu. Məsələn, vətəndaşa deyirik ki, sizin mülkiyyət hüququnuz təsdiqlənməyib. Sizə deməyiblər ki, gedib evin “kupça”sını alın, əmlakın hüquqi qeydiyyatını keçirin, bunu hüquqi formaya salıb sənədləşdirin? Deyirik ki, mülkiyyət hüququnun təsdiqlənməsi polisin səlahiyyəti deyil, gedin müvafiq dövlət orqanına müraciət edin. Yalvarırıq, “qurban olum” deyirik. Amma vətəndaş israr edir ki, yox, bu işi ancaq polis təşkil edə bilər. Sonra da axırda gedib şikayəti də polisdən edir ki, məni qeydiyyata almırlar. Polis səni necə qeydiyyata alsın ki, tikdiyin evin nə icazəsi, nə də “kupça”sı var? Deyirik ki, axı bunun üçün müvafiq, aidiyyatı orqana müraciət etmək lazımdır. Deyir ki, yox, mənə yalnız polis kömək etməlidir.

Bəzən vətəndaşlığı müəyyən olunmayan və ya başqa dövlətdə doğularaq Azərbaycanla heç bir bağlılığı olmayan, nə qeydiyyatı və nə də hər hansı siyahıda adı olmayan şəxs Azərbaycan vətəndaşı olmaq üçün bizə müraciət edir. Başa salırıq ki, vətəndaşlıq məsələsinin həlli başqa dövlət orqanının, Dövlət Miqrasiya Xidmətinın səlahiyyətindədir və ora müraciət edilməlidir. Lakin yenə də gedir bizdən şikayət edir ki, ona şəxsiyyət vəsiqəsi vermirik.

Bunun digər, bizim üçün xoş olan tərəfi də var. Çünki bu göstərir ki, vətəndaşlar onların problemlərinin həllini məhz polisdən gözləyir. Vətəndaş polisi özünə yaxın hesab edir. Vətəndaşlar bilsinlər ki, idarədə şəxsiyyət vəsiqələri və qeydiyyatla bağlı hər bir şəxsi qəbul etməyə hazırıq. Əgər onlar bizim əməkdaşlarımızdan kimsə tərəfindən hansısa problemlə rastlaşıblarsa və hesab edirlərsə ki, onlarla düzgün davranılmayıb, əlavə sənəd tələb edilib və ya haqlı olduğu halda məsələlərin həlli onları qane etməyib, onları hər zaman qəbul edib şikayətlərini dinləməyə hazırıq. Ancaq bir şərtlə ki, onların özlərinin istəkləri də qanuni çərçivədə, hüquqi əsaslandırılmış olsun.

Bizim şöbənin əsas funksiyası respublikada qeydiyyat və şəxsiyyət vəsiqəsi üzrə xidmətlərin fəaliyyətini təmin etmək, bu sahədə təhlil və nəzarət işləri aparmaqdır. Məqsədimiz odur ki, vətəndaş məmnunluğu təmin edilsin, onlar əsassız imtinalarla üzləşməsinlər. Əgər vətəndaş bizim xidmətə hansısa problemlə bağlı müraciət edirsə, çalışırıq ona hərtərəfli diqqət və köməklik göstərilsin. Bizim üçün vacibdir ki, əməkdaşlarımız vətəndaşlarla nəzakətli davransınlar. İndi fəaliyyətimizi əsasən bu istiqamətdə qururuq. Bizim xidmətdə bu məsələ xüsusilə vacibdir. Çünki hər bir vətəndaş polis orqanına müraciət edərək şəxsiyyət vəsiqəsi alır. Ona görə də nəzakətli davranışa xüsusən diqqət yetiririk. Çalışırıq ki, bütün məsələlər və problemlər hüquqi müstəvidə həll olunsun, qanunsuz hərəkətlərə yol verilməsin, əsassız sənədlər tələb olunmasın.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO