Azərbaycanda mətbuat yaranandan və jurnalistika ictimai fikir institutuna çevriləndən günümüzədək söz, fikir və ifadə azadlığı ilə məşğul olanlar daim ümumxalq duyğuları ilə yaşamağı başlıca məqsəd biliblər. Bugünkü müstəqillik və azadlıq dövründən, demokratik və senzurasızlıq şəraitindən fərqli olaraq çar Rusiyasının monarxizmi və sovetlər ittifaqının totalitarizmi zamanında bu yaşam haqqı bir sıra məşəqqətlər, ağrı-acılar, kədər, nisgil notları ilə müşayiət olunub. Yalnız özünün, ailəsinin deyil, xalqın, millətin və həmvətənlərinin ictimai-siyasi hüquqlarını, vətənin azadlığını və bütövlüyünü düşünənlərin tale payına bu tarix gerçəklikləri qismət olub. Həmin sırada Azərbaycan jurnalistlərinin görkəmli müəllimi, ağsaqqal mətbuat işçisi və ictimai xadim Nəsir İmanquliyevin özünəməxsus yeri var.
Nəsir İmanquliyevin mətbuata gəlişi 1920-ci illərin sonuna təsadüf edir. İlk gənclik illəri sovet hakimiyyəti uğrunda mübarizənin şiddətləri dövrünə düşən Nəsir müəllim qəzetin, mətbuat və jurnalistikanın ictimai dəyərini düzgün müəyyənləşdirdiyinə görədir ki, bütün həyatını bu işə həsr edib, jurnalistikanın praktik və nəzəri qiymətinə, onun tədrisi məsələlərinə yüksək qiymət verib. İndi onun haqqında düşünəndə, həyat təcrübəsinə və praktik fəaliyyətinə qiymət verməyə çalışanda hər şeydən öncə, insana belə bir fikir hakim kəsilir ki, “jurnalistika yalnız peşə, elm və fəaliyyət sahəsi deyil, həm də yaşam tərzidir”. Nəsir müəllimin özünəqədərki görkəmli qələm sahiblərindən öyrəndiyi, həyatını həsr etdiyi və sonrakılara da öyrətdiyi peşə və sənət məntiqinin əsasında bu möhtəşəm fikir dayanır.
Nəsir İmanquliyev mətbuat və jurnalistika aləminə gələndə rəsmi kommunist ideologiyası öz siyasi doktrinini diktə edir, antikommunist qüvvələrin, yəni, milli-demokratik ziyalıların əleyhinə açıq və gizli şəkildə mübarizə aparır, ictimai-mədəni gerçəklikdə onların nüfuzunu azaltmağa çalışır və 1937-ci ilin mənhus və müdhiş repressiyalarına əsas yaradırdı. Bu, sadəcə sözdə söylənilən tarixi yaddaş mənzərəsini xatırlatmır, bu gün də izi məşhur Azərbaycan ziyalılarının, övladlarının taleyində qalan ağrı-acılarda əksini tapır, milli mədəniyyətimizin irs-varislik əlaqələrindəki boşluqda görünür. Belə bir vaxtda dövrünün “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Döyüşən Krım” kimi populyar mətbuat orqanlarında fəaliyyət göstərən Nəsir İmanquliyev özünəqədərki klassik jurnalistlərin yaradıcılıq ənənələrinə istinad etməyə səy göstərir, XX əsrin ilk onilliklərindəki zəngin milli mətbuat mənzərisindən bəhrələnməyi vacib bilirdi. 1930-cu illərin “qırmızı terror alovları” sözün tam və müstəqim mənasında “qırmızı qaranlıqlara” səhnə olur, dövrün kollektivləşmə, sənayeləşmə, sovetləşmə siyasətinə uyğun gəlməyənlər vulqar sosioloji ittihamlarla gedər-gəlməzə göndərilir sosializmin tam və qəti qələbəsi vacib məqsəd sayılırdı. 1932-52-ci illərdə adı çəkilən qəzetlərdə ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışan Nəsir İmanquliyev korrespondensiyalar, xəbər, replika, oçerk kimi janrlara üstünlük verir, ictimai faydalı olan sosial məsələlərə, məişət problemlərinə aydınlıq gətirir, xalq həyatının ahəngdarlığı qayğısına qalırdı.
Bu zaman fabrik və zavodda yeni rejimin basqıları altında olsa da, zəhmət çəkən, halal çörəyi ilə öyünən müasirlərinin və millətin yaşam həqiqətlərini mətbuat səhifələrinə gətirir, elmlə, hünərlə, zəhmətlə qürurlanan insanların taleyinə işıq salırdı. Xatırladım ki, bu yaradıcılıq tendensiyası həmin illərin publisistikası ilə yanaşı, ədəbiyyatında da əks olunur, bir tərəfdən xalis sovetoloji məntiq və psixologiyaya əsaslanan sovet ədəbiyyatı və publisistikası yaranır, digər tərəfdən sovet dövrünün həmin məntiq və metoddan kənar milli ədəbiyyat və publisistikası meydana çıxırdı. Xatırladım ki, bu ikinci tərəfin yaradıcılığı qlavlit və senzorlar tərəfindən xüsusi nəzarətdə saxlanır, onların yazıları zərrəbinlə oxunur və təhlil olunurdu. Çünki onlar ədəbiyyat və publisistikaya mətin bolşevik və kommunistlərin yerinə, “odda yanmaz, suda batmaz”, məğlubedilməz qəhrəmanların əvəzinə sadə Azərbaycan insanının kimliyini gətirirdilər.
Bu isə milli yaddaşın məntiqaltı qatda mühafizəsinə səbəb, olur, dövrünün konfliktsizlik nəzəriyyəsinin əsassızlığını təsdiqləyirdi. Nəsir İmanquliyevin II dünya müharibəsindən sonrakı bərpa illərində və daha sonrakı dövrdə qələmə aldığı yazılarda, habelə onun müasirləri olan yazıçıların bədii əsərlərində və publisistikasında bu fikir təsdiqlənir.
Azad sözün, tərəfsiz və qərəzsiz informasiyanın şəffaflığına, onun sovet senzurasının buxovlarından qurtulmasına çalışan Nəsir İmanquliyev jurnalist peşəkarlığına, publisistin elmi-intellektual hazırlığına və hətta onların ailə-məişət qayğılarına böyük həssaslıqla yanaşırdı. 1946-cı ildə Moskvada “Mərkəzi qəzet” kursunu bitirən Nəsir İmanquliyev müxtəlif vaxtlarda partiya və sovet mətbuatının nəzəriyyə və təcrübəsindən mühazirələr oxuyub, gənc jurnalist kadrların hazırlanmasında yaxından iştirak edib.
Ən vacibi isə odur ki, publisistik yazılarında partiya və sovet mətbuatının yaradıcılıq metodu olan sosialist realizminin obyektiv informasiya təqdimi, milli mədəni-mənəvi dəyərlərin ön plana çəkilməsi, L.İ.Brejnevin dediyi “sovet adamının” portret cizgiləri əvəzinə, şəxsi vətəndaş tipini populyarlaşdırması yolu ilə buna xidmət göstərib. 1950-ci illərdəki ictimai-siyasi proseslər, İ.V.Stalinin ölümü və onun şəxsiyyətinə pərəstişin tənqid edilərək aradan qaldırılması, N.S.Xruşşovun hakimiyyətə gəlişi ilə “ottepel”in başlanması, sovet totalitarizmi mühitində yumşaltmanın və isti siyasi iqlim küləklərinin əsməsi milli respublikalarda mətbuat və jurnalistikada keyfiyyət dəyişməsinə səbəb oldu.
Moskva ali partiya məktəbinin məzunu, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat işinin ən təcrübəli işçisi kimi tanınan Nəsir İmanquliyev 1958-ci ildə Azərbaycanda yeni tipli “Bakı” və “Baku” (1963) axşam qəzetinə redaktor təyin edilir. Beləliklə də, onun jurnalitikaya dair peşə karyerasında mühüm mərhələ başlayır. Bakı Şəhər Sovetinin təsis etdiyi bu qəzet Azərbaycan mətbuatı tarixində informasiya işinin təşkili və onun təqdimi ilə əsaslı fərqlənir, ilkin mənbələrdən alınan isti xəbərin yayılması ilə böyük nüfuz qazanırdı. Bu işin başında isə şübhəsiz ki, təcrübəli jurnalist, pedaqoq, idarəetmə səriştəsi olan Nəsir İmanquliyev dayanırdı.
Bu dövrdən etibarən Nəsir müəllim “Sovet kəndi”, “Azərbaycan gəncləri” qəzetləri, “Azərbaycan kommunisti”, “Azərbaycan qadını”, “Təbliğatçı” jurnalları ilə də əməkdaşlıq edir, həm mövcud hadisə, fakt və problemlərə publisistik münasibət bildirir, həm şəxsi təcrübəsi, həm də məqalələri ilə mətbuatın ictimai faydalılığı, jurnalistin peşəkarlıq məsələlərinə aydınlıq gətirməyə çalışırdı. Yalnız peşəkar tələblərin ödənməsini yox, həm də istedadın olmasını yaradıcı şəxsiyyət üçün vacib sayan Nəsir İmanquliyev bildirirdi ki, “Jurnalistika elə nadir peşələrdən biridir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur”. Elə buna görə də N.İmanquliyev yaradıcı nəsillər arasında ənənələrin qorunmasını, irs-varislik münasibətlərinin möhkəmləndirilməsini vacib şərt saymaqla yanaşı, gənc istedadların qayğısına qalır, onların tanıdılmasına böyük əhəmiyyət verirdi.
Görkəmli Azərbaycan yazıçısı Anarın söylədikləri, bu fikirlərin doğruluğuna ciddi əsas verir. O deyir: “Nəsir müəllimin redaktorluğu vaxtında bu qəzet populyar qəzetlərdən idi və başqa rəsmi qəzetlərdən daha sərbəst, daha maraqlı yazılar dərc etməsi ilə fərqlənirdi. Mən də bu qəzetdə həvəslə çıxış edirdim, çünki həmişə Nəsir müəllimin qayğıkeş və xeyirxah münasibətini duyurdum. Ayrı-ayrı hekayə, esse, məqalələrimdən başqa “Bakı”- “Baku” qəzetlərinin bir neçə nömrəsində ard-arda iri yazılarım da dərc edilmişdi. “Gecə yarısında hadisə” adlı sənədli məhkəmə povestim (həm azərbaycanca, həm rusca), “Şövkət xanımın qərənfilləri” adlı essem (həm azərbaycanca, həm rusca), “Polşanın yaddaşı” (rusca) adlı yol qeydlərim bir neçə nömrədə çap olunurdu və bu, şübhəsiz, redaktorun gənc müəllifə etimadı və hörmətinin nişanəsiydi”.
Nəsir İmanquliyev publisistikada sosialist realizminin “qiqantizm” prinsipləri əleyhinə çıxır, nəhəng qəhrəmanların sxolastik təqdimatından yorulan oxuculara hər gün rast gələn adi həyat adamlarının, fabrik, zavod sexlərində, kənd təsərrüfatının müxtəlif sahələrində çalışanların gün-güzəran qayğılarını qələmə almağa xüsusi diqqət yetirirdi. Əsasən müasiri olduğu insanların taleyinə ayna tutan publisist mövcud həyatın dramatik məqamlarını da bu təhlil prizmasından işıqlandırır, qəhrəmanlarını ictimai-tarixi gerçəklik, sosial-siyasi zaman kontekstində təqdim etməyə üstünlük verirdi.
“Bakı” (1958) və “Baku” (1963) axşam qəzetlərinin nəşri sadəcə şəhər ictimaiyyətinə informasiya xidməti göstərməklə məhdudlaşmır, milli ədəbiyyat, mədəniyyət barədə analitik yazılara meydan açırdı. Bu baxımdan onu ayrıca qeyd etmək lazımdır ki, 1960-cı illər Azərbaycan ədəbiyyatının nümayəndələri ədəbi prosesdə “yeni dalğa” hərəkatı yaratdığı kimi, adı çəkilən qəzet vasitəsi ilə mətbuat və jurnalistika aləminə gələnlər də eyni vəzifəni ictimai gerçəklikdə və humanitar fikirdə, sosial həyat və milli özünüdərk prosesində yerinə yetirməyə müvəffəq oldular.
Sovet hakimiyyətinin totalitarizminə qarşı çıxan yazıçıların mətnaltı qatda söylədiyi etiraz notlarını, “Bakı” və “Baku” qəzetinin müəllifləri açıq-aydın şəkildə qadağan mövzulara, o cümlədən sosial-siyasi mühitin doğurduğu stress, rüşvətxorluq, meşşanlıq, genetika və irsiyyət, süni intellekt, kənar sivilizasiyalar, mif və mifologiya kimi qeyri-ənənəvi mövzulara dair yazıları, qeyri-patriotik şeirləri, yəni, insanın siyasi iddialarını deyil, lirik-psixoloji yaşantılarını ifadə edən mətnləri, məqalələri ilə nail olduldar. Bu sırada tanınmış şairlər Cabir Novruz, Famil Mehdi, Nüsrət Kəsəmənli, publisistlər, alimlər: Cəmşid Əmirov, Adil Cavadlı, Əhməd Rəşidov, Manaf Süleymanov, Alp Ağamirov, Qeybulla Rəsulov, Oqtay Atayev, Səfər Məmmədov, Rəfael Nağıyev, Çingiz Ələkbərov, Şamil Qurbanov, Şamil Şahməmmədov, Şakir Abdullayev, Şaban Şabanov, İsmayıl Kərimov, Akif Ağayev, Zemfira Məhərrəmli, Möhbəddin Səməd, hazırda AzərTAc-ın baş direktorunun müavini işləyən Dağbəyi İsmayılov, “Xalq” qəzetinin şöbə müdiri Qüdrət Piriyev, “Naş vek” qəzetinin baş direktoru Xanlar Məmmədov və bir çox başqaları Nəsir İmanquliyev məktəbindən bəhrələnənlərdəndir. Yuxarıda adları çəkilənlərin hər biri milli jurnalistikamızın, ədəbiyyatımızın, elmimizin zirvələrinə yüksəlmiş şəxslərdəndir.
Nəsir İmanquliyev müasiri olan bir sıra qələm sahibləri kimi cildlərlə kitab yazmayıb, “ardı var”, “mabədi gələn sayımızda” deyə silsilə məqalələrin müəllifi olmayıb. Lakin jurnalistikanın nəzəri prinsiplərinə zərgər dəqiqliyi ilə əməl etməsi, praktik uğurları ilə əsaslı şəkildə fərqlənib, təkcə yeni xəbər jurnalistikasının meydana gəlməsində deyil, bütövlükdə tətbiqi jurnalistikanın mətbuat aləmində yeni ab-hava, yaradıcılıq meyil və üslubları yaratmasına səbəb olub. Həmin səbəbdəndir ki, “Bakı” və “Baku” qəzetlərini “Ədəbiyyat və incəsənət” qəzeti ilə müqayisə edən xalq şairi Sabir Rüstəmxanlı Nəsir müəllimin peşəkar jurnalist mövqeyini müdafiə etməsini diqqət mərkəzinə çəkərək deyir: “Əslində, “Ədəbiyyat və incəsənət”, “Bakı” və “Baku” o vaxtın partiya mətbuatından fərqli mövqe tutan qəzetləriydi, bunun da əsas səbəbi, bu qəzetlərin daha sərbəst, daha cəsarətli, daha milli, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmələriydi. Bunu təsdiq etmək üçün o illərin qəzetindəki tənqidi yazıları, felyetonları gözdən keçirmək yetərlidir.
Nəsir müəllim tez-tez deyirdi ki, qəzeti tənqidi yazılar oxutdurur. Bir şərtlə ki, doğru yazılsın, vaxtında çap edilsin… Gecikdirirsə “sahibi” çıxacaq, maneçilik törədənlər, tapşıran və tapşırılanlar artacaq…
O, özü belə şeylərdən çəkinmirdi və qəzetin, jurnalistin mövqeyini sonadək müdafiə etməyi bacarırdı”.
Elə həmin səbəbdəndir ki, rəhbərlik etdiyi mətbuat orqanlarının əməkdaşlarını cəsarətli olmağa çağırır, onlara obyektivlik, mübarizlik mövqeyində olmağı tövsiyə edərək deyirdi: “Yazı yazın, səs salıb mis kimi cingildəsin”. Nəsir İmanquliyev sovet dövrü Azərbaycan jurnalistikası və mətbuatında formal məntiqin ehkamlarını dağıdan və beləliklə də, milli yaddaş ənənələrinə istinad etməklə, klassik yaradıcılığın yeni dövrdə ehyasına çalışmaqla, ənənəvi forma və janrlarda müasir mövzu və məzmun ifadəsinə mühüm əhəmiyyət verirdi. O bildirirdi ki, “Jurnalist ustalığının zirvəsi yoxdur və ola bilməz. Əgər birisi özü barəsində “mən əla yazıram” deyirsə, yaxud bu cür fikirləşirsə, belə jurnalistin, xüsusən, qəzet işçisinin yaradıcılığında heç bir irəliləyiş gözləməyə dəyməz”.
Nəsir İmanquliyev qəzet və qəzetçilik işinə yalnız “kollektiv təbliğat, kollektiv təşviqat və kollektiv təşkilatçılıq” fəaliyyəti kimi baxmır, onu cəmiyyət həyatında islahatlara rəvac verən ən vacib maarifçilik vasitəsi kimi qiymətləndirirdi. Görkəmli redaktor, həssas şəxsiyyət, nəcib insan olan Nəsir İmanquliyev qəzetçilik işini qiymətləndirərkən Həsən bəy Zərdabi ənənələrinə istinad edir, qəzeti “zəka və işıq səltənəti” yarada bilən əvəzsiz ictimai vasait sayırdı. O deyirdi: “Qəzet beyinlərə mənəvi qida verən, fikirlərə və düşüncələrə işıq bəxş edən kəsərli vasitədir”. Bu fikir Nəsir İmanquliyevin sadəcə, redaktor, publisist kimi peşəkar fəaliyyətinə bağlı təcrübənin nəticəsi kimi səslənmir, həm də tarixə, yaddaşa, millətinə, vətən və dövlətinə bağlı bir şəxsiyyətin azad söz, aydın sabah arzusundan doğurdu. Çünki o, qəzetin kamil vətəndaş hazırlanmasında müstəsna rola malik olduğuna inanır, onun öyrətmək, mübarizə aparmaq təcrübəsinə arxalanırdı.
Axşam qəzeti çıxarsa da, aydın sabahlara, işıqlı gələcəyə inanan Nəsir İmanquliyevin adı və şəxsiyyəti Azərbaycan mətbuatı və jurnalistikası tarixində əbədiyyən var olacaq.
“Azərbaycan” qəzeti