Göyçay rayonunda kitabxanada ən qədim kitabın 725 yaşı var

Göyçay rayonunda 20 ildən çoxdur ki, qədim və nadir nüsxəli kitabları toplamaqla məşğul olan Ruslan Məmmədov son vaxtlar şəxsi kitabxanasını daha da zənginləşdirib.

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Ruslan Məmmədovn sözlərinə görə, öz evində yaratdığı kitabxanada 2 minə yaxın qədim əlyazmalar, müxtəlif əsrlərdə çap olunan kitablar və müasir ədəbiyyat nümunələri mühafizə olunur. Onlar arasındakı ən qədim kitabın 725 yaşı var. Ərəbcə olan əlyazmada “Qurani Kərim”in təfsiri öz əksini tapıb. Kitabxanada Əssar Təbrizinin “Mehr və Müştəri” əlyazmasının 420, İmam Birqivinin “Risaləsinin şərhi” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının isə 100 yaşı var. “Mehr və müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir.

Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi var ki, onlardan 3-ü Azərbaycan Əlyazmalar İnstitutunda, biri isə Ruslan Məmmədovun şəxsi kitabxanasındadır. Ruslan müəllimin mühafizə etdiyi ən kiçik ölçülü kitabın uzunluğu 4 santimetr, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazma kitabın 310 yaşı var. Kitabxanada ümumilikdə 300-dən artıq nadir əlyazma saxlanılır. Həmçinin, kolleksiyaçı bu qədim kitabların bərpası ilə də məşğul olur. O öz evində kitabların üzünü yenidən cildləyir, səhifələrini müxtəlif üsullarla oxunaqlı vəziyyətə gətirir.

Ruslan Məmmədov müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. Onun bildirdiyinə görə, qədim kitabları, əskinas və məişət əşyalarını müxtəlif rayonlarda yaşayan insanlardan toplayıb. Şəxsi kitabxanasını və muzeyini daha da zənginləşdirəcəyini deyən Ruslan Məmmədov onun kitab və eksponatları ilə tanış olmaq istəyənlərə hər zaman şərait yaratdığını da vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO