“Milli Mətbuat günündə jurnalistlərə təqdimatların, mükafat, adların verilməsi yuvarlaq yubileylərdə olduğu üçün bu il belə bir şeyin olacağına inanmıram”. Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, bu sayaq ad vermələr iri tarixli günlərdə olur.
“22 iyulun – milli mətbuatın yaranmasının 137 illiyi ilə əlaqədar bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda bir müddət bundan əvvəl prezident İlham Əliyevin Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyi ilə bağlı imzaladığı sərəncama əsasən, müəyyən tədbirlər keçiriləcək. İyulun 14-də səhər tezdən Zərdab rayonunda Həsən bəy Zərdabinin yaşadığı ev-muzeyinə baş çəkiləcək, abidəsinin önünə əkil qoyulacaq. Eyni zamanda həmin gün Gəncədə də müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə ki, Gəncə Mətbuat Evinin təməlqoyma mərasimi baş tutacaq və “Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzə qədər olan müddət” mövzusunda konfrans keçiriləcək. Milli Mətbuat günü ilə bağlı çox güman ki, iyulun 22-də Bakıda da müəyyən tədbirlər baş tutmalıdır”, – deyə Əflatun Amaşov vurğulayıb.