«Diffamasiya təşəbbüsləri ilə çıxış edərkən prezidentin iradəsinə söykənmişik»
«Azərbaycan Mətbuat Şurası diffamasiya təşəbbüsləri ilə çıxış edərkən ölkə prezidentinin iradəsinə söykənib. Şuranın bu məsələ ilə bağlı ATƏT-in Bakı ofisi ilə birgə reallaşdırdığı layihə olub. Həmin layihə cənab İlham Əliyevin Mətbuat Şurasının ofisinin açılışında qurumun İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdəki təkliflərin, bilavasitə onun nikbin mövqenin məntiqi nəticəsi olaraq meydana çıxıb». Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Qeyd edək ki, parlamentin payız sessiyasının ilk iclasında Milli Məclisin sədri Oqtay Əsədov diffamasiya ilə bağlı qanunun Milli Məclisə daxil olmadığını deyib, ümumiyyətlə belə bir qanunun qəbuluna tələsməməyi vacib sayıb. Spiker fikrini belə əsaslandırıb ki, bu məsələ ümumxalq müzakirəsindən keçməlidir.
Ə. Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum istər ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində, istərsə də ümumən iş fəaliyyətində diffamasiya ətrafında çoxsaylı müzakirə keçirib: “Bu ilin mayında Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə mövzuya dair beynəlxalq konfrans da keçirdik. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar ATƏT-in Bakı ofisinin ekspertiza dəstəyi ilə hazırladığımız qanun layihəsini yüksək qiymətləndirdilər. Təbii ki, Azərbaycan mediasını diffamasiya mühiti üçün tam yetkin saymaq doğru olmaz. Amma məsələyə prinsipial baxış bundan ibarətdir ki, jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilməməlidir. Hazırda belə bir hal müşahidə edilmir. Cənab prezidentin də söylədiyi kimi, bu sahədə bir növ, qeyri-rəsmi moratorium var. Odur ki, narahatlığa əsas görmürəm. Lakin heç kəs düşünməsin ki, diffamasiya mühitinin mövcudluğu ümumiyyətlə məsuliyyətdən azad edir, əksinə hazırladığımız qanun layihəsi həmin məsuliyyətin konkret real növlərini müəyyənləşdirir».
Ə. Amaşov həmçinin diffamasiya ilə bağlı məsələnin ölkənin beynəlxalq imici baxımından da vacibliyinə toxunub: «Əlbəttə, bəzi Avropa ölkələrində məsələyə birmənalı münasibət yoxdur. Amma qanunun olması bir proses kimi labüddür. Qanun qəbul edilsə, bu, Azərbaycanın beynəlxalq imicinə kifayət qədər müsbət təsir göstərəcək».