ATƏT-lə Mətbuat Şurası tərəfindən birgə hazırlanan “Diffamasiya haqqında” qanun layihəsi Venesiya Komissiyasına göndərilib. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. onun sözlərinə görə, Venesiya Komissiyası həmin layihəni Azərbaycana təqdim etdikdən sonra qanun parlamentdə müzakirə olunacaq. “Diffamasiya haqqında” qanunun qəbulu üçün Azərbaycanda müvafiq mühitin formalaşmasına gəlincə, Ə.Amaşov xatırladıb ki, bəziləri senzuranın götürülməsini də bir sıra problemlər yaradacağını düşünürdülər: “Azərbaycanda senzura hələ var idi. 1998-ci ilə qədər belə bir fikir söyləyirdilər ki, senzuranın ləğvi müəyyən problemlər yaradacaq. 1998-ci ilin avqustun 6-da KİV üzərindən senzura götürüldü və heç bir problemlə qarşılaşmadıq. Əminəm ki, “Diffamasiya haqqında” qanun qəbul edildikdən sonra da elə bir ciddi problemlərlə qarşılaşmayacağıq”. Ə.Amaşov deyib ki, “Diffamasiya haqqında” qanuna görə, jurnalist cinayətə cəlb olunmayacaq. Bununla bağlı maddələr Cinayət Məcəlləsindən çıxarılacaq: “Bu məsələ mülki müstəvidə həll ediləcək. Ola bilsin ki, cərimələr olsun və bu da nizamlanacaq. “Diffamasiya haqqında” qanunun qəbul edilməsi nəinki, Azərbaycan jurnalistləri, cəmiyyəti, eləcə də ölkənin beynəlxalq imici üçün də vacibdir”.