Oktyabrın 5-dən 8-dək Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşovun qatılacağı toplantıda Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının fəaliyyətləri təhlil olunacaq, müxtəlif ölkələrdə bu qurumların fərqli iş prinsipləri ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə eyni zamanda qitədəki Mətbuat Şuraları rəhbərlərinin hesabatla çıxış etmələri də nəzərdə tutulur.
Qurumdan Modern.az-a bildirilib ki, MŞ sədri həmçinin Moskvada Avropa Şurasının təşəbbüsü ilə keçiriləcək, Cənubi Qafqazda və Moldovada medianın vəziyyətinə həsr olunacaq görüşə də qatılacaq. Qeyd edək ki, bu görüş bir neçə ay əvvəl AŞ-nin təşəbbüsü ilə Moldovada baş tutan konfransın yekunlarının dəyərləndirilməsi baxımından əhəmiyyətlidir. Toplantıda ümumən postsovet məkanında özünütənzimləmə ilə əlaqədar vahid informasiya şəbəkəsinin yaradılması və jurnalist qurumlarının bu prosesdə oynayacaqları rola dair diskussiyalar gedəcək, məsələ ətrafında ortaq nəticəyə gəlinəcək.
Modern.az