Bir neçə gündür Yerevanda baş verən toqquşmalar və getdikcə böyük miqyas alan, Ermənistanın digər şəhərlərinə yayılan nümayişlərə şahid oluruq. Azərbaycanın ictimai-siyasi həyatına dair hər məqamda bəyanat və müraciətlə çıxış edən, qətnamə qəbul edən, məqalələr dərc edənlər bu dəfə nədənsə susurlar.
Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov Yerevanda polisin nümayişçiləri dağıtmasını şərh edərkən deyib.
O bildirib ki, Qərbin Yerevandakı hadisələrə ilkin reaksiyası kifayət qədər zəifdir: “Qərb bir tərəfdən hökuməti güc tətbiq etməməyə çağırdı, digər tərəfdən etirazçılara haqq qazandırdı. Belə olduğu halda, bu bəyanatın arxasında nələrin durduğunu başa düşmək mümkün deyil. Hüquq müdafiə təşkilatları da susur. Operativ şəkildə antiazərbaycan məqalələri dərc edən aparıcı qərb mətbuatı da nədənsə “kar olub””.
F.Sadıxov qeyd edib ki, normalda Ermənistandakı hadisələrə qiymət verməli olan Qərbin aparıcı siyasətçiləri və dövlət xadimlərinin də səsi gəlmir: “Qərbdə bir çox aparıcı dairələrin nümayiş etdirdiyi siyasi riyakarlıq, işğal olunmuş ərazilərə görə dəyişdirilən AŞ PA qətnamələri – bunların hamısı Qərbin və Avropanın aparıcı dairələrinin beynəlxalq hüquq və ədalət normalarına əsaslanmadığından xəbər verir ki, bu da kədərləndirir və narahatlığa səbəb olur”.
Politoloq bildirib ki, Qərbin belə davranışı tendensiya və siyasi xarakter daşıyır, dünya siyasətində, xüsusilə Cənubi Qafqaz regionunda baş verənlərin qiymətləndirilməsində subyektiv yanaşmaya əsaslanır.
Sonda F.Sadıxov qeyd edib ki, nəticədə bunlar prinsiplərini, milli maraqlarını müdafiə edən və baş verən hadisələrə qərb dövlətlərinin reaksiyasına uyğun şəkildə cavab verən Azərbaycanın mövqeyini təsdiqləyir.