“Almaniya Avropa İttifaqında hegemon rolu daşımaqdadır”. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı Almaniyanın son zamanlar Avropada hegemonluq iddialarının artması və bunun fonunda bir çox ölkələrə, o cümlədən Azərbaycana qarşı qeyri-səmimi münasibət göstərməsi və ikili standartlar yürütməsinə münasibət bildirərkən deyib.
F.Ağamalı bildirib ki, Almaniya keçən əsrdən başlayaraq Avropada hegemonluq uğrunda mübarizəni ən müxtəlif səviyyələrdə ortalığa qoyub: “Hətta hegemonluğu təmin etmək üçün müharibə amillərindən istifadə edib. Həm 1-ci, həm də 2-ci Dünya müharibələrində Almaniyanın məqsədi Avropaya tam hakim olmaq, eyni zamanda, dünyanı nəzarətində saxlamaq idi. İki müharibədə uduzdu, ona görə də Almaniya başqa bir formada Avropada öz üstünlüyünü təmin etmək üçün Avropa İttifaqı deyilən bir qurumun yaradılmasının təşəbbüskarı oldu və buna nail oldu. Demək olar ki, artıq bu gün Almaniya Avropa İttifaqında hegemon rolu daşımaqdadır”.
Deputat qeyd edib ki, Aİ-də iki dövlət – Almaniya və Fransa aparıcı dövlətlərdir: “Amma onlardan Almaniya daha üstündürr. Buna da müəyyən dərəcədə Böyük Britaniya müqavimət göstərir. O da Aİ-yə öz maraqları çərçivəsində, içərisinə girmədən, onlarla əməkdaşlıq etmək şərtilə bir qədər fərqli münasibət göstərən ölkədir. Ancaq faktiki olaraq, Avropa bu gün Almaniyanın təsiri altındadır”.
F.Ağamalının sözlərinə görə, Almaniya öz iqtisadiyyatı ilə 2 dövlət – Fransa və Böyük Britaniya istisna olmaqla, digər dövlətlər üzərində demək olar ki, tam ciddi təsir imkanlarına malikdir: “Bu, Almaniyanın 100 ildən bəri qarşısına qoyduğu strategiyanın tərkib hissəsidir”.