ETTELAAT İranda jurnalist həbsləri ilə bağlı yeni bəyanat yayıb

İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) son günlər həbs edilən jurnalistlərlə bağlı yeni bəyanat yayıb.

APA-nın məlumatına görə, ETTELAAT Böyük Britaniyanın BBC telekanalı ilə əməkdaşlıq edən bütün jurnalistlər həbs olunanadək bu əməliyyatın davam edəcəyini bildirib.

Bəyanatda qeyd olunub ki, İran əleyhinə fəaliyyət göstərən şəbəkənin daha çox üzvü xaricdədir: “Bu əməliyyatla bağlı yaydığımız birinci bəyanatdan indiyədək həbs edilən başqa jurnalistlər də olub. Xain şəbəkənin üzvlərinin çoxu 2009-cu ildə İrandan çıxan, hazırda isə xaricdə yaşayan fitnəçilərdir. Həbs edilən jurnalistlərdən biri zəmanətlə müvəqqəti azadlığa buraxılıb. Mərkəzi Londonda olan şəbəkə Brüssel, Paris və İstanbulda da fəaliyyət göstərən daha 3 qrupdan ibarətdir”.

Qeyd edək ki, yanvarın 26-dan yanvarın 28-dək “Arman”, “Etimad”, “Bahar”, “Şərq” və “Asiman” qəzetlərinin və “İLNA” xəbər agentliyinin 17-dən çox jurnalisti həbs edilib. Onların çalışdığı redaksiyalarda axtarış aparılaraq kompüterləri, əlyazmaları və başqa şəxsi əşyaları müsadirə olunub. Həbs edilənlərdən bir neçəsi sərbəst buraxılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO