Ermənistanın işğalçı siyasətini ifşa etməliyik

İyunun 28-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ermənistanın işğalçı siyasətinin ifşası və tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində ilk Dəyirmi masa keçirib.

Tədbirdə tarix üzrə elmlər doktorları Qasım Hacıyev, Məhərrəm Zülfüqarlı, “1905.az” portalının direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, AVCİYA-nın vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev, tarix üzrə fəlsəfə doktorları Boran Əziz, Aqil Şahmuradov, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev, jurnalist Asəf Quliyev və başqaları iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan Fuad Babayev sözü AVCİYA-nın vitse-prezidenti Dəyanət Musayevə verib. Dəyanət Musayev Assosiasiyanın bu layihəyə qədər gördüyü işlərdən danışıb. O,  Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş “Xocalı soyqırımı: milyon imza – bir tələb” kitabı, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı 1 milyon Azərbaycan vətəndaşının imzasının toplandığı 16 cildlik toplu, Assosiyasının prezidenti, millət vəkili Elxan Süleymanovun Ermənistanın işğalı nəticəsində respublikamıza dəymiş maddi ziyanın hesablanmasını özündə əks etdirən “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı, Məhərrəm Zülfüqarlının 1918-ci il Şamaxı soyqırımından, 1918-ci il Göyçay döyüşlərindən bəhs edən kitabları haqqında məlumat verib. Dəyanət Musayev Azərbaycan ərazisinin Ermənistan qoşunları tərəfindən işğalını və Sərsəng su bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin müddəalarının yer aldığı petisiyadan danışıb. O qeyd edib ki, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya 300 mindən çox səs toplamaqla Ağ Evə müraciət platforması tarixində ikinci ən məşhur petisiya olub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi Ermənistanın işğalçı siyasətinin ifşası və tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində nəşr ediləcək broşür, buklet və kitab haqqında məlumat verən çıxışçı kitabda müəllif yazılarının yer alacağını vurğulayaraq nəşrin hazırlanmasına dəstək göstərməyi tədbir iştirakçılarından xahiş edib. Dəyirmi masa iştirakçıları qeyd ediblər ki, Ermənistanın təcavüzü nəticəsində baş vermiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması yönündə aparılan bütün xırda və böyük işlər  bu gün də ictimai əhəmiyyətini və aktuallığını qorumaqdadır. Ekspertlər Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə davamlı, mümkün fəaliyyətin həyata keçirilməsinə daim dəstək verməyə hazır olduqlarını bildiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO