Brüsseldə nəşr olunan “New Europe” qəzetində Azərbaycan Milli Məclisinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovla müsahibə dərc edilib.
Müsahibədə Azərbaycan parlamenti nümayəndə heyətinin Aİ-nin Şərq Tərəfdaşlığı parlament tərkibi olan Avronest təşəbbüsündən geri çəkilməsinə səs verməsi, bu qurumun taleyinə və digər məsələlərə toxunulub.
APA həmin müsahibəni təqdim edir:
– Cənab Süleymanov, əvvəla, Milli Məclisin bu qərarını bizə izah edə bilərsinizmi? Avropa İttifaqı mühüm ticarət tərəfdaşı olduğu halda, bu, Azərbaycan üçün mənfi qərar deyilmi?
– Əvvəla, onu deyim ki, bu qərar bütövlükdə Aİ ilə bağlı deyil. Biz Aİ-yə daxil olan bütün hökumətlər və parlamentlərlə müsbət əlaqələr saxlayırıq, Avropa Komissiyası ilə işləyirik, onların Bakıdakı nümayəndə heyətini təqdir edirik, bir sözlə, hesab edirəm ki, Azərbaycanla Aİ arasındakı əlaqələr yaxşıdır. Məsələ Avropa Parlamenti və onların bir neçə ildir, bizə göstərdiyi təhqiramiz rəftarla bağlıdır. Bu qurum riyakar olduğunu sübut edib: bu gün bizi Avronestə çağırır, dostluq və əməkdaşlıq haqqında danışır. Sabah isə hər növ saxtakarlıq, əsassız təhqir və qalmaqaldan danışan böhtan xarakterli qətnamələr qəbul edir. Eyni zamanda bu gün Ukraynada, Gürcüstanda baş verən hadisələri tənqid edir, işğalı, müharibəni pisləyir. Bizə gəldikdə isə ərazimizin Ermənistan tərəfindən işğal edildiyini heç vaxt tənqid etmir. Onlar hətta Ermənistanı müdafiə edirlər. Bu müstəvidə Avropa Parlamentinin ardıcıl tərəfdaş olmadığını hesab etdik. Biz onlarla əməkdaşlığı davam etdirə bilməzdik.
– Sizcə, bu, çoxluğun fikridirmi? İstənilən halda bu qətnamələr, dediyiniz kimi, əsassızdırsa, onların nə zərəri ola bilər?
– Əminəm ki, parlamentdə hələ də dostlarımız var. Qərarımızdan sonra reallığı anlayan üzvlərin çox olduğunu göstərən bir çox siqnal və məktub aldıq. Son qətnaməyə dair səsvermənin özü də çox məhdud idi. Lakin yenə də qəbul edildi. Beləliklə, rəsmi mövqe odur ki, AP bizi pisləmək və bizə hücum etmək istəyir. Bu qətnamələr isə yalnız aysberqin görünən tərəfidir. Hər həftə Brüsseldə bizə hücum edən konfranslar barədə məlumatlar alırdıq. Biz AP deputatlarına göndərilən məktubları gördük. Şübhəsiz, o məktublarda öz ölkəmizdəki vəziyyət barədə yalanlar olduğunu bilirik. Təəssüf ki, görünür, bir çox AP deputatı bu anti-Azərbaycan kampaniyasına inanıb. Qətnamələr onu göstərir ki, Avropa Parlamentində əksəriyyət regionumuzda münaqişə yaratmağa çalışan, qanunsuz erməni işğalını saxlamaqda, ticarətə və Avropanın enerji təhlükəsizliyinə mane olmaqda maraqlı olan lobbilərin təsirinə məruz qalır. Biz bu böhtan və hücumları qəbul edə bilmərik. Əgər kimsə sizi təhqir edir və pis sözlər deməyə çalışırsa, bəlkə əvvəlcə həmin insanla danışıqlar aparmağa çalışa bilərsiniz. Lakin bir müddət sonra onlara məhəl qoymayıb, həyatınıza davam edirsiniz.
– Siz həqiqətən danışıq aparmağa cəhd göstərdinizmi? Bu problemlərin həllinə səy göstərdinizmi?
– Hesab edirəm ki, bu əməkdaşlığı qoruyub saxlamaq üçün mümkün olan hər şeyi etdik. AP-nin Prezidentinə, Avronest-ə çoxsaylı məktublar, rəsmi ismarışlar göndərdim. Lakin heç bir cavab almadım. Bu, çox təəssüfləndirici haldır, çünki ilk vaxtlar bu layihəyə həqiqətən çox töhfə vermişdik. Biz Avronest Parlament Assambleyasını Bakıda qarşıladıq, onun uğuru üçün əlimizdən gələni etdik. Birgə qətnamələr üzərində işlədik. Lakin nə qədər işləsək də, AP yenidən və yenidən hər il daha tənqidi qətnamələr qəbul etdi. Bütün iddiaların saxta olduğunu və bunun saxta lobbiçilik kampaniyası olduğunu təsdiqləyən məlumat qeydləri göndərdik. Azərbaycanda vergi saxtakarlığına, Aİ-də də qanunsuz hesab edilən əməllərə görə həbs edilən hər kəs AP deputatları tərəfindən siyasi məhbus elan edilirdi. Ölkəmiz haqqında hər şey Brüsseldə konspirasiya kimi qələmə verilir, ölkəmizi mənfi baxımdan göstərmək üçün hər şey dəyişdirilir. Mən hər kəsi Azərbaycana gəlib, ölkəmizin azad və demokratik dövlət olduğunu görməyə dəvət edirəm.
Bu tənqidlərin bəzisinə nəzər salın. Onlar azərbaycanlı zabit Səfərovun əfv edilməsini insan hüquqlarının pozulması və təcili beynəlxalq böhran adlandırdılar! Bu, gülməlidir! Bu, qanun məsələsidir, insan hüquqları məsələsi deyil! Onlar ölkəmizi Suriya, terrorçuluq kimi problemlərlə eyni tutur və Azərbaycana dair bu saxta imici yaradıblar! Belə işləməyi necə davam etdirə bilərik?
– Lakin görünür ki, Azərbaycanda problemlər olması barədə konsensus var. Ölkənizdə heç bir problem olmadığını deyirsinizmi?
– Cənab, problemlər haqqında danışmaq və reallığa söykənməyən mənfi imic yaratmaq arasında fərq var. Bütün yeni demokratiyalarda olduğu kimi, həll edilməli məsələlər var. Cəmiyyəti dəyişməyə, hüquqi və cinayət dəyişikliklərini, təcrübəni icra etməyə, korrupsiyaya son qoymağa vaxt lazımdır. Şərqdən olan əksər Aİ dövlətlərində bizimlə eyni problemlər mövcuddur. Lakin gördüyünüz kimi, AP hər gün onlara hücum etmir!
Eyni zamanda onların bizimlə necə davrandığına baxın. Onlar hətta reallığı görmək üçün Azərbaycana gəlmir, ancaq hələ baş verməmiş hadisələr barədə artıq hökmlər dərc edirlər! Avropa Parlamenti 2015-ci il noyabr seçkilərimizə missiya göndərməmək qərarı verdi, çünki onların fikrincə, seçkilər demokratik olmayacaq! Buna əvvəlcədən necə qərar verə bilərlər?! Səbəb odur ki, reallıq onları maraqlandırmır! Belə olmasaydı, gəlib, demokratik və azad olduğumuzu görərdilər. AP 2013-cü ildə gəldi, bunu gördü, buna dair hesabat dərc etdirdi və sonra sadəcə müşahidəçi olmuş həmin AP deputatları anti-Azərbaycan kampaniyasının hücumuna məruz qaldı! Azərbaycana gəlməyib, reallığı daha yaxşı bildiyini düşünənlərin! Bağışlayın, lakin bu mövqeyi ciddi qəbul edə bilmərik!
– Bəs ölkənizdə keçirilən noyabr seçkilərinə dair bütün ittihamlara necə cavab verərdiniz?
– Mən hər kəsi manipulyasiya xarakterli ismarışlarda yazılmış yalanlara inanmamağa və ərazimizin qanunsuz işğalını davam etdirmək məqsədi daşıyan düşünülmüş böhtan kampaniyasının qurbanı olduğumuzu anlamağa dəvət edirəm. Seçkilər azad və ədalətli keçib və ümidvaram ki, Milli Məclisin yeni üzvləri yaxşı işləyəcək və beynəlxalq tərəfdaşlara tam funksional demokratiya olduğumuzu nümayiş etdirəcəklər.
– Bu, Azərbaycanın gələcəyi üçün nə məna daşıyır? Siz Avropa ilə əməkdaşlığı davam etdirəcəksinizmi? Siz hələ də Avropa İttifaqı ilə yeni saziş imzalamaqda maraqlısınızmı?
– Azərbaycan artıq Avropadadır. Əlbəttə, biz Aİ üzvləri və onların parlamentləri ilə əməkdaşlığı davam etdirəcəyik. Avropa Şurasında işimizi davam etdiririk və qapılarımız hətta Avropa Parlamentinə də açıqdır. Lakin biz hörmətin real təcəssümünü görməliyik. Onların ərazimizdə münaqişənin həll edilməsini istədiyini, ölkəmizi başa düşdüyünü görməliyik.
Hazırda biz, əlbəttə, bacardığımız qədər ticarət və yaxşı əlaqələri təmin edirik. Siz saziş barədə soruşursunuz, lakin mən bunun Avropa reallığında nə demək olduğuna əmin deyiləm. Zorakı təcavüzkar dövlət olan Ermənistan Aİ ilə sazişdən imtina etdi və hətta Gömrük İttifaqına qoşulmaq barədə qərar verdi. Baxın, Aİ olduqca qərəzli mövqe nümayiş etdirərək, hələ də onları müdafiə edir. Ona görə də sazişə qoşulmaqdan imtina edən ölkə bu qədər yaxşı rəftar gördüyü halda, nə üçün sazişə ehtiyacımız olduğunu demək mənə çətindir.
– AP-nin üzvlərinə birbaşa ismarışınız varmı?
– Əvvəlki məktublarımda olduğu kimi, bəli: Biz danışıqları və əməkdaşlığı açıq saxlamaq fikrindəyik. Biz əlaqələri davam etdirməliyik. Lakin əmin olmalıyıq ki, bizi dinləyən tərəfdaşımız var, onların Brüsseldən işğal, məcburi köçkünlər, regional təhlükəsizlik vəziyyəti, ticarət, inkişaf tələbləri kimi real problemlərimizi anladıqlarını və nəzərdə saxladıqlarını göstərən siqnallar eşitməliyik. Əmin olmalıyıq ki, onlar bizə qarşı ayrı-seçkilik göstərmir, suveren dövlət olduğumuzu qəbul edir. Ən mühümü odur ki, onlar müstəqil hərəkət etsinlər. Yalnız bundan sonra biz AP-ni yenidən potensial tərəfdaş hesab edə bilərik.
Apa.az