Azərbaycanın quru və su sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
DSX rəisinin sözlərinə görə, Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə davam edir: “Relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq, Azərbaycanın quru və su sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur. Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, ən müasir texniki vasitələrin istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırmışdır”.
E.Quliyev qeyd edib ki, bu gün hər bir Azərbaycan sərhədçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qururludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir: “Azərbaycan Sərhəd Mühafizəsi öz gələcəyinə nikbinliklə baxır. Bu nikbinlik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi müdrik siyasətə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır”.