Elşad Eyvazlı: “Ankarada Türkdilli jurnalistlərin “Media evi” layihəsi gündəmə gətirildi “

Dekabrın 21-də Ankarada Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsi ilə bu ölkənin Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən təşkil olunan “Türk Dili Danışan Ölkələrin Media Forumu” adlı tədbirdə Türkdilli jurnalistlərin “Media evi” layihəsi barədə məlumat verilib.

Türkiyə Qəzetçilər Federasiyasının başqanı Arilla Sertel forumda çıxış edərək bildirib ki, bu qurumun Azərbaycan Parlament Jurnalistlıri Birliyi ilə belə bir planı var. Plana görə, Türkiyə Qəzetçilər Federasiyası ilə Azərbaycan Parlament Jurnalistlıri Birliyi Türkdilli ölkələrin KİV-lərində çalışan jurnalistlərin koordinasiyasını təşkil etmək üçün “Press-klub” yaradacaqlar.
Bu “Media evi” ya Türkiyədə, ya da Bakıda fəaliyyət göstərəcək.
Forumda səsləndirilən bu məsələ barədə Modern.az-a Parlament Jurnalistlıri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib. O, deyib ki, Parlament Jurnalistləri Birliyinin Türkiyə Qəzetçilər Federasiyası ilə birgə işlədiyi bu layihə türk ölkələri arasında media əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

Layihəyə görə, açılacaq “Press-klub” Türkiyə, Azərbaycan və digər türkdilli ölkələrin KİV-lərində çalışan jurnalistlərin koordinasiyasını təşkil edəcək. Klubun təşəbbüsü ilə türk qəzetlərinin Azərbaycanda, bizim yerli qəzetlərin isə Türkiyədə yayılması nəzərdə tutulur.

“Bununla yanaşı, “Türkdilli ölkələrin mətbuat klubu” türk jurnalistləri ilə Azərbaycan KİV nümayəndələri arasında əməkdaşlıq imkanları üçün yeni səylərin ortaya qoyulmasını, Bakıda və Türkiyədə, Orta Asiya ölkələrində fəaliyyət göstərən KİV-lərlə sıx əlaqələrin yaradılmasını təşkil etmək niyyətindədir. Klub Türkdilli ölkələrin qəzet redaksiyalarına, parlamentlərinə səfərlər təşkil edəcək. Yerli jurnalistlərin Türkiyənin məşhur qəzetlərində təcrübə keçməsinin təşkil edilməsi də düşünülür”.

E.Eyvazlı deyib ki, hələ bir müddət öncə Bakıda səfərdə olan Türkiyə Cümhüriyyəti Nazirlər Kabinetinin Mətbuat –Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya da PJB sədri ilə görüşündə “Türkdilli ölkələrin mətbuat klubu” ideyasına dəstək verib və əlindən gələn köməyi göstərəcəyini vəd edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO