Ekspert: Qlobal Rəqabətlilik Hesabatı göstərir ki, Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da göstərir ki, Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkədir.

Bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il ötür. Bu rəqəm zaman baxımından qısa, inkişaf baxımından isə kifayət qədər zəngindir:

“Müstəqilliyinin ilk illərində böyük təlatümlər yaşayan, ağır durumda olan Azərbaycan 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra uğurlu inkişaf mərhələsinə qədəm qoyub. İllər keçdikcə ölkəmizin dünya birliyindəki siyasi çəkisi, iqtisadi gücü daha da artmağa başlayıb. 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin səyləri nəticəsində bu inkişaf şaxələndirilib, ölkəmizin dövlət müstəqilliyi daha da möhkəmləndirilib. Bir sözlə, ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib”.

Ekspert deyib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 27 ildə böyük uğurlar qazanılıb: “Ölkəmizin əldə etdiyi yüksək göstəricilər, sürətli inkişafı beynəlxalq hesabatlarda öz əksini tapır. Belə ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilərək Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Yeni hesabatda ölkəmizin mövqeləri kifayət qədər yaxşılaşıb”.

V.Rəhimzadə bildirib ki, Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilib: “Bununla yanaşı, Azərbaycan 140 ölkə arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yeri tutub. Bu cür yüksək nəticələrin qazanılması son illər möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi islahatların sayəsində mümkün olub. Hesab edirəm ki, bu nəticələr ölkəmizin gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar yaradacaq”.

Trend:

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO