EANA-nın konfransında internet medianın fəaliyyətindəki yeniliklər müzakirə olunub

Madriddə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Yeni tərəfdaşlıqlar və əməkdaşlıqlar üçün xəbər məzmunu” mövzusunda növbəti konfransı aprelin 9-da işini davam etdirib. Xəbər agentlikləri rəhbərlərinin qatıldığı konfransa Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov da qatılıb.

SalamNews xəbər verir ki, konfransın birinci iş gününün sonuncu hissəsində Belçikanın BELGA agentliyi özünün xəbər və kontent ekosistemi, Norveçin NTB agentliyi canlı multimedia və videoxəbər təcrübəsi, Globallynx şirkəti media təşkilatları ilə universitetlər arasında əlaqə qurmaq üçün yeni sistemlər və Türkiyənin Anadolu Xəbər Agentliyi sosial mediada tətbiq etdikləri yeni proqramlar barədə təqdimatlarla çıxış ediblər.

Təqdimatlarda xəbər agentliklərində tətbiq olunan texnologiyalar, videoxəbərlərin yayımındakı son nailiyyətlər barədə ətraflı məlumat verilmiş, həmçinin rəqəmsal medianın sürətli inkişafı fonunda ənənəvi mətbuatın qarşılaşdığı problemlərdən danışılıb.

EANA-nın prezidenti Piter Kropş konfransın yüksək səviyyədə təşkilinə görə İspaniyanın EFE Agentliyinə təşəkkürünü bildirib.

Sonra konfrans iştirakçıları EFE xəbər agentliyinin yaranmasının 75 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak ediblər.

Bir gün sonra “MINDS İnternational” təşkilatının 17-ci konfransı keçirilmişdir. Konfransda EANA-nın üzvü olan agentliklərin rəhbərləri iştirak ediblər.

Böyük Britaniyanın “Press Association” agentliyinin Baş direktoru Kliv Marşal və Avstriyanın APA agentliyinin nümayəndəsi Volfqanq Nedomanski multimedia, internet jurnalistikası və sosial medianın qlobal problemlərinə həsr olunmuş tədbiri açaraq, konfransın əhəmiyyətindən danışıblar. Konfrans işini panel iclasları ilə davam etdirib.

ABŞ-ın “Associated Press” agentliyinin vitse-prezidenti Jim Kennedi məruzəsində əsasən yeni innovasiyaların tətbiqi, onlardan istifadənin perspektivləri və bütövlükdə internet jurnalistikasının ənənəvi media ilə qarşılıqlı əlaqələrini ətraflı izah edib.

DPA agentliyini nümayəndəsi Meinolf Ellers isə jurnalistikada və xəbər agentliklərində baş verən transformasiyalardan söz açıb.

Panel iclaslarında ənənəvi, sosial və internet mediasının bu günü və gələcəyi barədə ətraflı müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“MINDS İnternational” aparıcı xəbər agentliklərinin qlobal şəbəkəsidir. Onun əsas məqsədi üzvlər arasında yeni rəqəmsal medianın problemləri və innovativ texnologiyaların tətbiqi barədə təcrübə mübadiləsinin təşviqidir.

Həmin gün Avropanın xəbər agentliklərinin rəhbərləri İspaniyanın EFE agentliyinin yeni binasında yaradılmış şəraitlə tanış olublar. Qonaqlara agentliyin strukturu, iş prinsipi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, xəbər istehsalında innovativ texnologiyaların tətbiqi və sosial şəbəkələrlə əməkdaşlığın qurulması təcrübəsi barədə ətraflı məlumat verilib.

Agentlik rəhbərləri EFE-nin yeni binasında yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

– See more at: http://salamnews.org/az/news/read/121645#sthash.lFuiUBvg.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO