Bəzi telekanalların müəllif proqramları etik qaydalara uyğun olmayan davranışlar sərgiləməklə açıq şəkildə insanların heysiyyətinə toxunur. Belə ki, verilişə dəvət olunan hansısa məmur, obyektiv, yaxud da subyektiv səbəb üzündən, verilişdə iştirak etmir.
Yaxud da verilişə gəlməkdən imtina edir. Onu da qeyd edək ki, kimliyindən asılı olmayaraq, insanlar seçimində azaddır. Yəni dəvət olunduğu verilişə gələ də bilər, gəlməyə də. Bizdə problem ondadır ki, bəzi telekanallar növbəti verilişdə verilişə gəlməyən məmura qarşı tənqidlərə başlayıb psixoloji, aşağılayıcı xarakterli metodlardan istifadə edir. Necə deyərlər, həmin şəxsə qarşı mənəvi terrora başlayırlar. Bu zaman isə onlar, digər məmurlara görk olsun deyə, daha da irəli gedərək əndazəni aşırlar. Məgər kimsə verilişə gəlmirsə, onu məsxərəyə qoymaq lazımdır? Belə hallar televiziyaçılığa, jurnalistikaya və bunların inkişafına nə dərəcədə uyğundur? Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, heç bir televiziya şəxsin, fərdin şəxsiyyətinə toxuna bilməz: “Amma hər hansı bir şəxs efirə dəvət olunubsa və bu dəvətlə razılaşıb gəlməyibsə, bu başqa məsələ. Yox, verilişə gəlməyə razılaşmayıbsa, o zaman bu onun şəxsi işidir. Əlbəttə, məmurlarla bağlı vəziyyət bir qədər mürəkkəbdir. Məmur söyləyə bilər ki, həmin vaxt gələ bilməz, yaxud da informasiyanı başqa üsullarla çatdıra bilər. Yəni məmurun qrafikini də nəzərə almaq lazımdır. Ancaq o da reallıqdır ki, bəzi hallarda verlişə gələcəklərini qabaqcadan vəd versələr də, görürsən gəlmirlər.
Bu zaman, təbii ki, jurnalist bu barədə məlumat verməlidir. Ancaq heç bir halda bu, hansısa lağ xarakterli, psixoloji təsir formasında olmamalıdır. Baxmayaraq ki, cəmiyyətə informasiya vermək məmurların vəzifəsidir. Deməyim odur ki, hər bir halda belə hallara fərdi yanaşmaq lazımdır. Bundan kiməsə qarşı bir təzyiq metodu kimi istifadə etmək televiziyaçılığa, jurnalistikaya şöhrət gətirmir”.