Amerika İctimai Rəy İnstitutu “Gallup” dünyanın ən emosional ölkəsinin Boliviya olduğunu bildirib. Trend xəbər verir ki, müvafiq reytinq təşkilatın saytında dərc olunub. Ən ekspressiv dövlətlərin üçlüyündə Latın Amerikasının nümayəndələri yer alıb. Postsovet məkanın ölkələri isə, əksinə, siyahının sonunda qərarlaşıb.
“Gallup”un ekspertləri dünyanın 148 ölkəsinin əhalisi arasında sorğu keçirib. İştirakçılar hiddət, kədər, həyəcan, sevinc kimi emosiyaların yaranma tezliyi barədə sualları cavablandırıb.
Boliviyadan başqa ilk onluğa El-Salvador, Ekvador, Flippin, Nikaraqua, Qvatemala, İraq, Kamboca, Kolumbiya və Kosta-Rika düşüb.
Reytinqdə ən sonuncu yerin sahibi 37 faiz göstərici ilə Banqladeş olub. Bu ölkədə pozitiv və neqativ emosiyalar barədə suala sorğuda iştirak edənlərin yalnız 37 faizi müsbət cavab verib. Azərbaycan və Gürcüstanda bu göstərici 38 faiz, Belarusda 39 faiz, Litva, Rusiya və Ukraynada 40 faiz, Moldova və Qazaxıstanda 41 faiz, Türkmənistan, Qırğızıstan və Estoniyada 42 faiz, Tacikistanda 43 faiz, Latviyada 44 faiz, Özbəkistanda 45 faiz, Ermənistanda isə 46 faiz olub.