ABŞ-ın “The Washington Times” qəzetində “Tovuz, qədimlik və təbii gözəllik məkanı” sərlövhəli məqalə dərc edilib.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın Tovuz rayonundakı qədim tikililərin və abidələrin regionun zəngin mədəniyyətini və tarixini əks etdirdiyi bildirilir. Müəllif oxuculara rayondakı Hacı Bağır məscidi, Kirzan məbədi və digər abidələr haqqında məlumat verir.
Yazıda Tovuzun vaxtilə Alban tayfalarının məskunlaşdığı qədim və əsas yaşayış məskənlərindən biri olduğu qeyd edilir və vurğulanır ki, rayon dağlıq əraziləri kəşf etməyi xoşlayan təbiətsevərlər üçün əlverişli məkandır. Azərbaycanın zəngin aqrar rayonlarından biri olan Tovuz meşələrində palıd, fıstıq, qoz, vələs və dəmir ağacı, eləcə də yabanı meyvə kollarına rast gəlmək mümkündür. Bu meşələrdə çoxlu ceyran, cüyür, dələ, canavar, tülkü, dovşan, turac və kəklik var. Rayonun Çataq kəndindəki Turşsu bulağının müalicəvi suyu sağlamlıq üçün faydalı olan müxtəlif kimyəvi maddələrlə zəngindir.
Tovuzda aqrar sektorun inkişaf etdiyini diqqətə çatdıran müəllif rayonun şərabçılıq sənayesi, “Tovuz-Baltia LTD” şərabçılıq şirkəti barədə də məlumat verir.
Məqalədə Tovuzun zəngin mətbəxindən də söhbət açılır. Burada Azərbaycanın aşıq sənətinin inkişaf etdiyi vurğulanır.
Milli.Az