Əsas mövzularından biri qlobal terrorçuluqla mübarizə olan G-20 (Böyük İyirmilik”) sammitinin bu mübarizəni gücləndirməyə kömək edəcəyi ehtimalı azdır. Bunun bir neçə səbəbi var. Onlardan biri də budur ki, terrorçuluqla fəal mübarizə aparan ölkələrin terror təşkilatının müəyyən edilməsi məsələsində fikirayrılıqları var. Məsələ burasındadır ki, bir ölkənin tanıdığı terror təşkilatını digər dövlət tanımır.
Bununla da iddia etmək olar ki, bu vacib məsələdə də ikili standartlar tətbiq edilir. Nəticədə terrorçuluqla mübarizə zəifləyir.
Bundan başqa, bəzi ölkələr xeyli uzaq məsafədə fəaliyyət göstərən müəyyən qruplaşmaların terror fəaliyyətinə göz yumur. Yeri gəlmişkən, qlobal terrorçuluğun keçmiş himayədar ölkələri vaxt ötdükcə onun qurbanına çevrilir.
Təəssüf ki, hazırda bəzi ərəb ölkələri qlobal terrorçuluğun ocağı hesab edilir. Bunlar Qərbin “demokratiya”sının qurbanı olan Suriya, İraq, Liviya və Livandır. Məhz bu ölkələr terrorçuluğun ocağına çevrilib, üstəlik, təkcə islam terrorçuluğunun deyil.
Qərb təlimatçılarının Suriya, İraq və Liviyada terrorçulara təlim keçdiyinə dair yüzlərlə fakt var. Bu ölkələrdə xaos Qərb üçün daxili radikallardan xilas olmaq vasitəsi idi.
İslam radikalizmi və terrorçuluğundan başqa, dünyada bəzi ölkələrin himayədarlıq etdiyi erməni terrorçuluğu və radikalizmi də var.
Aydındır ki, dünya demokratiyasının müdafiəçiləri uzun illər ərzində dinc Azərbaycan əhalisinə qarşı yönləndirilmiş erməni radikalizmi və terrorçuluğunu unudublar.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparılıb.
Azərbaycan işğal nəticəsində humanitar fəlakətlə üzləşib, ölkənin təqribən milyon vətəndaşı qaçqına çevrilib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, erməni tərəfi indiyədək bu tələblərə məhəl qoymur.
Ermənistanın aparıcı beynəlxalq təşkilatların qərarlarına əməl etməməsi çox ciddi problemdir.
Dünya ictimaiyyəti qlobal terrorçuluqla qətiyyətlə mübarizə aparmaq niyyətindədirsə, erməni terrorçuluğuna göz yummamalıdır.