Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan «Molla Nəsrəddin»in yaranmasının 106-cı ili tamam olur. 1906-cı il aprelin 7-də Tiflisdə «Qeyrət» mətbəsində nəşrə başlayan «Molla Nəsrəddin» jurnalı o dövrün siyasi-sosial, ədəbi-mədəni problemlərinə, xalqın milli-mənəvi tələblərinə vətəndaşlıq mövqeyindən yeni yanaşma gətirdi.
Xalq həyatının, arzu və əməllərin tərcümanına çevirilən jurnalın tarixi xidməti danılmazdır.
«Molla Nəsrəddin» 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi böyük ədib, görkəmli satirik Cəlil Məmmədquluzadə olan jurnalın 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Cəlil Məmmədquluzadə zəkasının gücü, qələminin nuru və qəlbinin hərarəti ilə müəyyən fasilələrlə 25 il nəşr olunan, ədəbiyyat və mətbuat tariximizə qızıl hərflərlə yazılan «Molla Nəsrəddin» jurnalı bu gün üçün də müasirdir, sabah üçün də.
Milli təfəkkürün inkişafında, insanların maariflənməsində jurnalın böyük rolu, onun əməkdaşlarının isə misilsiz xidmətləri olub. «Molla Nəsrəddin» həm də Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Omər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdurrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı, jurnalistlər, o cümlədən, O.Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstəriblər.
Jurnalın «Molla Nəsrəddin» adlandırılması da maraqlıdır. Molla Nəsrəddin şifahi xalq ədəbiyyatının qəhrəmanıdır. Həmişə zülmə, nadanlığa, haqsızlığa gülüb, güldürüb düşündürüb. Mirzə Cəlil də Molla Nəsrəddinin dili ilə xalqın dediyni bəyan edib, onu güldürüb, düşündürüb, həm də yol göstərib. Jurnal ilk nömrəsindən Azərbaycan dilinin varlığı və təmizliyi uğrunda mübarizə meydanına atılıb. Onun sonrakı nömrələrində, hətta bütün fəaliyyət dövründə dil haqqında müxtəlif janrlarda saysız-hesabsız əsərlər çap olunub.
Qadınların maariflənməsi, elmli, təhsilli olmaları kimi məsələlər də «Molla Nəsrəddin»in səhifələrində öz əksini tapıb.
«Molla Nəsrəddin»ə qarşı hücumlar gücləndikcə Mirzə Cəlil tutduğu yolun doğruluğuna daha çox inanırdı. Lakin nə düşmənlərin hədə-qorxusu, nə də dostlarının narahatlığı Mirzə Cəlili qorxuya sala bilib və beləcə o, tutduğu yoldan dönməyib.
Bir neçə qələm sahibinin əsəri olan «Molla Nəsrəddin» aləmində ikinci qüdrətli qələm ustası poeziyamızda inqilabi satiranın banisi M.Ə.Sabir idi. Sabir yaradıcılığının ən parlaq dövrünü ancaq «Molla Nəsrəddin»in nəşri ilə bağlayır. Ən çox «Hop-hop», «Ağlar güləyən», «Cingöz bəy» imzaları ilə çap olunan Sabir «Molla Nəsrəddin»də bir çox başqa gizli imzalarla çıxış edib. Jurnalda tananmış rəssamların dərin məzmunlu karikaturaları güldürür, düşündürürdü.
«Molla Nəsrəddin» jurnalında atalar sözləri, lətifələr, poçt qutusu, satirik elanlar, tərcümeyi-hallar, lüğətlər, hikmətli sözlər, tapmacalar, sual-cavab, etiraf və onlarla formadan istifadə edilib.
Bir sözlə 106 yaşlı «Molla Nəsrəddin» dünənin və bu günün deyil sabahın da jurnalı sayıla bilər.
Modern.az