Bələdiyyə seçkilərində ödənişli əsaslarla təşviqata yer vermək istəyən KİV-lərdən yalnız “Azərbaycan” qəzeti Mərkəzi Seçki Komissiyasına müraciət edib. “Media forum”un sorğusu bəzi KİV-lər bu kampaniyaya qatılmayacaqlarını da aşkara çıxarıb.
MSK-nın mətbuat katibi Azər Sarıyev “Media forum”a deyib ki, bələdiyyə seçkilərində ödənişli əsaslarla reklam vermək istəyən KİV-lər MSK-ya rəsmi bildiriş təqdim etməlidir: “Noyabrın 12-də bildirişin təqdim olunma vaxtı bitir. O zamana qədər bildiriş təqdim etməyən KİV bələdiyyə seçkiləri ilə bağlı ödənişli reklam verə bilməyəcək”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Media forum”a açıqlamasında bildirib ki, həm ödənişli, həm də ödənişsiz reklam kampaniyasında iştirak edəcəklər. MSK-ya ödənişli seçki təşviqatı ilə bağlı bildiriş verilib. Qəzet öz reklam tariflərini də dərc edib”.
ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov isə ödənişli təşviqat kampaniyasında iştirfak etməyəcəklərini deyib: “ANS siyasi reklam vermir. Bələdiyyə seçkilərində də ödənişli reklam vermək fikrində deyilik”.
“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan bələdiyyə seçkilərində ödənişli əsaslarla reklam vermək istəyən KİV-lər arasında olmaq istədiklərini deyib: “Qəzet bu kampaniyaya qoşulmaq üçün lazım olan sənədləri hazırlayıb MSK-ya təqdim edəcəyik”.
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də bu kampaniyaya qoşulmaq istədiklərini, amma hələ ki, bildirişləri MSK-ya təqdim etmədiklərini deyib: “Son tarix noyabrın 12-dirsə, cəhd edərik”.
“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı da son iki gün ərzində MSK-ya müraciət eləyəcəklərini deyib: “Bizim reklam tariflərimiz də artıq hazırdır”.
«Media forum»