Zaur Qəriboğlu
“Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa?..”
Nazim Hikmət
Hər bir millətin özünün atributları – bayrağı, gerbi, himni var. Millətin ən böyük, əvəzolunmaz sərvətisə onun dilidi. Rus mütəfəkkiri K.D.Uşinski deyirdi ki, “Bir milləti məhv etmək istəyirsənsə, ilk öncə, onun dilini əlindən al”.
Yaxşı xatırlayırıq ki, 1920 – ci ildə Azərbaycanı işğal edən XI Qırmızı Ordu ərazimizlə yanaşı, şüurumuzu da işğal etdi. Orta məktəblərdən başlayaraq, özümüz də dərk etmədən bizlərə antiazərbaycan siyasətinə xidmət edən dərslər keçirdilər. Bu dərslərdə böyük Azərbaycan xalqının tarixi saxtalaşdırılır, xalqımız bir millət olaraq cılızlaşdırılırdı. Bir sözlə, üzərimizdə manqurtlaşdırma siyasəti aparılırdı.
Fəqət, konkret kökə malik olan bir xalqı məhv etmək qeyri-mümkündü. Yetmiş il SSRİ-nin “qardaşlıq” siyasətinin qurbanına çevrilmək üzrə olan Azərbaycan xalqının nəyini əlindən alsalar da, digər xalqlar kimi dilini əlindən ala bilmədilər. Çünki həmin ərəfələrdə xalq öz dilini ədəbiyyatında yaşada bildi. Həmin dövrlərdə yazıb – yaradan yazarlarımızın əsərləri bu gün də böyük maraqla oxunur və öyrənilir. Azərbaycan Sovet ədəbiyyatının ədəbi dili ilə bu günkü müasir Azərbaycan ədəbiyyatının dilini müqayisə etsək, fərqi asanca görərik. Nədənsə, mənə elə gəlir ki, o dövrün dili çox səlis, dilin qanunlarına uyuşan idi. Fəqət, bu gün yazıb yaradan müasir nəslin əsərlərində bunu görmürük. Hər birimizin mətnlərində istər-istəməz dilin qanunları pozulur. Məsələn, birimiz daha çox türk, digərimiz rus və ya ingilis sözlərindən istifadə edirik. Əslində, hansısa bir millətin dilindəki sözləri özününkiləşdirmək yaxşı xüsusiyyətdi, amma baxır, nə dərəcədə…Olmazmı ki, biz öz sözlərimizin başqa millətlərin dilində işlənməsinə, istifadəsinə çalışaq, bununla da dilimizi inkişaf etdirək?! Zənnimcə, bu istək bizdə müəyyən mənada yoxdu və elə bil getdikcədə dilimizə maraq azalmağa doğru gedir. Bu günkü Azərbaycan gəncliyinin əksəriyyəti öz dilini öyrənməzdən öncə, digər dillərə də maraq göstərir.
Düşünürəm, öz dilini mükəmməl bilməyən biri, digər dili də lazımınca öyrənə bilməyəcək. Öyrənsə də, yarımçıq olacaq. Bütöv olmaq üçün gərək, ilk öncə özünü öyrənəsən, öyrədəsən, öyrətdikcə də, öyrənəsən… Nədənsə, gənclərimiz arasında bu istək çox azdı. Bunu görmək üçün uzağa getməyə ehtiyac yoxdu. Bakı şəhərini başdan – başa gəzsəniz, Azərbaycan dilinə olan münasibəti görəcəksiniz. Çox az sayda dükan və küçə adlarına rast gələ bilrəsiniz ki, Azərbaycan dilində olsun. Başdan – başa, əcnəbi dillərdədi. Şəhərin mərkəzi küçələrində gəzərkən, mağaza adlarına nəzər saldıqda, sanki Azərbaycanda olduğunu unudursan.
Bu gün ölkəmiz gün-gündən inkişaf edir, Avropa standartlarına uyğun binalar, ticarət mərkəzləri, məktəblər, uşaq bağçaları və s inşa edilir. Növbəti il də Bakıda “Evrovizion” müsabiqəsi keçiriləcək. Olmazmı ki, özümüzü dünyaya bu qədər tanıtdırdığımız halda, fürsətdən yararlanıb, dilimizi də təbliğ edək?!
Qoy, Bakıda gəzən bir əcnəbi, dükanın adını anlamasın, yaxınlaşıb, soruşsun, Azərbaycan dilində olan dükanın adı onun yaddaşına hopsun. Burda qazanan biz oluruq. Bir əcnəbi dilimizdə bir söz öyrəndi. Yoxsa, başdan – başa əcnəbi dildə olan dükan- mağaza adlarını görüb, bizdən nə öyrənə bilər ki?!
Belə qənaətə gələ bilərik ki, problemlərin həllinə vətəndaş cəmiyyəti də öz sözünü deməyə zənnimcə borcludur. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan dilinin qorunması istiqamətində əməkdaşı olduğum Söz Azadlığını Müdafiə Fondu mütamadi olaraq, monitorinqlər, tədbirlər keçirir. Belə tədbirlərdən biri də bu günlərdə baş tutdu. Mövzu isə “Azərbaycan dilinin qorunmasında gənc yazarların rolu” idi. Tədbirdə fondun sədri, şair Musa Yaqub mövcud vəziyyətin ağırlığından danışaraq, SAMF – un daima bu mövzunu diqqətdə saxlayacağını qeyd edərək, həm də bunun bizim bir vətəndaşlıq borcumuz olduğunu da diqqətə çatdırdı. Daha sonra görüşdə iştirak edən yazarlar – Könül Səid, İlahə Nəsib, Fərid Hüseyn, Habil Yaşar, Yusif Nazim və digərləri məsələnin qəlizliyini nəzərə alaraq, müəyyən fikirlər səsləndirib, təkliflər irəli sürdülər. Səsləndirilən fikirlər arasında məsələnin daha tez həllini tapması üçün televizyalarda, KİV-də daimi olaraq, təbliğat xarakterli verlişlərin yayımlanmasını bildirdilər. Görüş iştirakçılarının qənaətinə görə, problemin bir həlli yolu var. O da məsələyə dövlətin nəzarət mexanimi artırılsını saymaq olar.
Zənnimizcə, digər bir məqam isə dilimizin qorunması üçün orta məktəblərdən şagirdlərə ideoloji, maarifləndirmə yönündə dərslər keçib, tədbirlər təşkil etmək lazımdı. Belə bir deyim var: “Uşağın tərbiyəsi ilə bələkdən məşğul olmasan, sonra dizinə döyərsən”. Yetmiş il imperiya əsarətində qalan bir xalqın dilinə təbii ki, gəlmə çox sözlər daxil edilib. Bunların dilimizdən təmizlənməsi, milli sözlərlə əvəzlənməsi üçün yuxarıda da dediyim kimi ideoloji, maarifləndirmə siyasətinə başlamaq lazımdı. Əgər, bu məsələyə də laqeyd yanaşsaq, dilimizin varlığı və sabahı sual altında ola bilər.
Bu gün özümüz də bilmədən, dilimizə qarşı laqeydliklə, sabahımıza balta çalırıq. Sabah Azərbaycanın paytaxtında bir dənə Azərbaycan dilində mağaza və digər obyekt görməyə bilərik. Çünki bu hal artıq kütləviliklə “inkişaf” edir. Böyük şairimiz (Türk şairi ona görə demədim ki, şairlər konkret bir millətə yox, bəşəriyyətə məxsusdu) Nazim Hikmət deyir: “Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa?..”
Dilimizin qorunmasında da, gərək, dövlətlə yanaşı, biz özümüz də bir vətəndaş olaraq, mübarizə aparaq, qədim tarixi olan dilimizin məhv olmasına yol verməyək. Bu hər birimizin borcudu.