Dörd deputatın imzası ilə Milli Məclisə təqdim olunan “Diffamasiya haqqında” qanun layihəsinə parlamentin mədəniyyət komitəsində baxılacaq. Deputat Cəmil Həsənli jurnalistlərə açıqlamasında belə deyib.
“Media forum” saytı xəbər verir ki, qanun layihəsinin qəbulu ilə bağlı müraciəti imzalayan təşkilalardan biri – Jurnalistika və İnkişaf Mərkəzinin eksperti Zeynal Məmmədli sənədin mədəniyyət komitəsinə verilməsini müsbət addım sayır. Ekspert bir müddət əvvəl Azərbaycan Media Mərkəzində “Diffamasiya haqqında” qanunla bağlı debat təşkil olunduğunu xatırladıb: “Debat iştirakçılarından biri Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov idi. O bildirmişdi ki, qanun layihəsi gəlib bizim komitəyə çatsa, onda bu sənəd ən ciddi müzakirə mövzusuna çevriləcək”.
“Diffamasiya haqqında” qanun layihəsinin qəbulu ilə bağlı bu ilin mayında 6 jurnalist təşkilatı – Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müracitə etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.
«Media forum»