Milli Məclisin noyabrın 11-də keçirilən iclasında Deputat Aynur Quliyeva evsiz jurnalistlərin mənzil probleminin həlli məsələsini qaldırıb. Millət vəkili bildirib ki, cüzi maaşla çalışan jurnalistlərin öz hesabına bu problemi həll edə bilməsi mümkün olan iş deyil.
Modern.az-ın məlumatına görə, A.Quliyeva qeyd edib ki, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan vəsait artırılmalı və evsiz jurnalistlərin problemin həllinə yönəldilməlidir.
Deputat xatırladıb ki, 60 yaxın evsiz jurnalist bir neçə il öncə “Jurnalist” Mənzil-Tikinti Kooperativi yaradaraq problemin həllinə yardım üçün müxtəlif instansiyalara, eləcə də ölkə başçısına müraciət edib. Ancaq məsələ hələki həll olunmamış qalır. Deputat Azərbaycan jurnalistlərini ən imtiyazsız təbəqə adlandırıb.
Qeyd edək ki, “Jurnalist” Mənzil-Tikinti Kooperativi 2005-ci ildə Milli Məclisdə akkredetasiyadan kecmiş jurnalistlər tərəfindən yaradılıb. Sonradan qurumun tərkibi mənzil problemləri olan digər jurnalistlərin üzvlüyü hesabına xeyli genişlənib. Hazırda kooperativin 40-a yaxın aparıcı KİV-lərdə calışan 60-a yaxın mənzili olmayan üzvü var.
Kooperativin qaldırdığı problemin həll olunması üçün jurnalistlərə Milli Məclisin deputatları, ölkənin əksər jurnalist təşkilatları, media rəhbərləri dəstək nümayiş etdiriblər. Buna baxmayaraq Bakı şəhərində topraq catışmazlığı əsas gətirilib və indiyədək problem acıq qalıb.
Kooperativ çoxmərtəbəli binanın tikintisi üçün Bakıda münasib yerdə ancaq torpaq sahəsinin ayrılmasını istəyir. Jurnalistlər tikintini öz hesablarına apara biləcəklərini bəyan etsələr də, problemin həlli istiqamətində onlara yardım edilmir.