Deputat Elxan Süleymanov: “AŞPA-nın Siyasi Məsələlər Komitəsi Ermənistan silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərindən geri çəkilməyə çağırır”

Amerika Birləşmiş Ştatlarının postsovet məkanını öyrənən nüfuzlu mərkəzinin www.cxssr.org portalında millət vəkili Elxan Süleymanovla müsahibə dərc olunub. Müsahibənin tərcüməsini oxucularımıza təqdim edirik.

Deputat Elxan Süleymanov: “AŞPA-nın Siyasi Məsələlər Komitəsi Ermənistan silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərindən geri çəkilməyə çağırır”

Paris, 4 noyabr 2015-ci il: Bir neçə saat davam edən olduqca gərgin müzakirələrdən sonra AŞPA Siyasi Məsələlər Komitəsi 26 səs lehinə, 10 səs əleyhinə və 3 səs bitərəf olmaqla, böyük çoxluqla qətnamə qəbul etdi. Qətnamə Assambleyaya “Ermənistan silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərindən geri çəkilməyə və bu ərazilərdə Azərbaycanın tam suverenliyini təmin etməyi” təklif etməyə çağırır.

Uzun illər boyu aparılan kəskin mübarizədən sonra bu, Azərbaycanın AŞPA beynəlxalq parlament təşkilatının diqqətini yenidən bu məsələyə yönəltmək üçün göstərdiyi səylərində əldə etdiyi mühüm nailiyyətdir.

Qətnamə eyni zamanda “D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edilməsi və orada həbslərinin davam etməsinə birbaşa aidiyyəti olan bütün tərəfləri onların işğalçı qüvvə olan Ermənistan tərəfindən dərhal azadlığa buraxılmasını təmin etməyə” çağırır.

Bundan əlavə, qətnamədə bildirilir ki, “Assambleya Ermənistanın Parlament Assambleyasındakı nümayəndə heyəti və Ermənistan hökumətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini kəskin pisləyir. Assambleya hesab edir ki, belə rəftar Ermənistanın Avropa Şurası qarşısındakı öhdəliklərinə ziddir və bu mənada hansı tədbirlər görülə biləcəyini nəzərdən keçirməyi və gələcəkdə məruzəçilərin öz mandatlarını icra etməsinə maneə yaradılmayacağını təmin etməyi tapşırır.” Məruzəçi Robert Volter (Birləşmiş Krallıq) əsas nitqi zamanı dəqiqləşdirdi ki, Assambleya Ermənistanın əməkdaşlıq etməməsini Assambleya Qaydalarının pozulması halı hesab etməlidir və təkid etdi ki, bu, AŞPA-nın Qaydalar Komitəsi tərəfindən araşdırılsın, bunun isə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalarla nəticələnəcəyi gözlənilir.

“Nəhayət, uzun illərin ümidsiz sükutundan sonra Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı yenidən tamamilə beynəlxalq gündəmdədir”, – deputat Elxan Süleymanov vurğuladı.

Süleymanovun bu məsələni beynəlxalq siyasi gündəmə gətirmək üçün təxminən 3 ildən bəri irəli sürdüyü bir neçə təşəbbüsün qarşısı alınmışdı və Ermənistan dəstək göstərən deputatlara tərəddüd etmədən mane olmuşdu.

Belə rəftar bu dəfə eynilə Parisdə müşahidə edildi. Həlledici səsvermə zamanı erməni deputat əllərini qaldırmaqla, Azərbaycanın xeyrinə səs verən deputatların şəkillərini mobil telefonu ilə çəkməyə başladı. Erməni deputatın məqsədi sonradan deputatlara açıq-aşkar təzyiq göstərmək, hətta onları şantaj etmək idi. Ermənilərin bu ədəbsiz və qalmaqallı rəftarı, əxlaqi qaydalara zidd hərəkət kimi, bir çox deputatlar tərəfindən böyük etirazla qarşılandı, lakin qərəzli katiblik bu erməni deputatına mane olmadı. Əksinə, Azərbaycanın böyük qələbəsi ilə nəticələnən yekun səsvermədən sonra baş katib Saviçki (yalnız mühüm vəziyyətlərdə lazım olduğundan, o da iclasda iştirak edirdi) Komitənin qərarına kəskin etirazını artıq gizlədə bilmədi. Onun açıq neqativ jestləri bir çox deputatları heyrətləndirdi. O, dərhal və hiddətlə iclas otağından çıxıb, açıq-aydın bir neçə olduqca təcili zəng etmək üçün kiçik kabinetə keçdi. O, kimə zəng edirdi? Biz yalnız güman edə bilərik, lakin şübhəsiz, bu, Azərbaycan nümayəndə heyətini təbrik etmək üçün edilən zəng deyildi… Bütün bunlardan təxminən bir saat sonra bir neçə Avropa ölkəsinin deputatlarına artıq öz hökumətlərindən erməni rəsmilərinin ermənilərin məğlubiyyətindən narahat olması barədə zənglər gəlməyə başladı. Avropalı deputatlara öz səslərini yenidən nəzərdən keçirmək üçün böyük təzyiq göstərilir, erməni rəsmiləri hətta onları açıq-aydın şantaj edirdi. Ermənilər təzyiqin bütün növlərindən, əsasən geostrateji və dini ruhlu təzyiqdən istifadə edirdi, lakin aydındır ki, onlar Azərbaycan ərazilərini qanunsuz işğal etmələri məsələsinə birbaşa aidiyyəti olan tək bir arqumentdən istifadə etmirlər. Onlar müsəlman ölkəsi olan düşmən Azərbaycana qarşı hər zaman böyük beynəlxalq xristian icmasına çağırış edirlər, halbuki din baxımından Azərbaycanın Ermənistandan daha tolerant olduğu hamıya məlumdur. Ermənilər hətta müvafiq arqumentləri olmadıqda belə, Azərbaycanın iddialarının düzgün və ədalətli olduğunu qəbul edə bilmirlər.

Biz yalnız ümid edə bilərik ki, Parisdə Azərbaycanın lehinə səs vermiş bütün deputatlar güclü iradə nümayiş etdirib, ermənilərin bu böyük və çox mütəşəkkil təzyiqinə müqavimət göstərə biləcək və haqq işimizi gələcəkdə də müdafiə edəcəklər.
Hadisələr

2013-cü ilin aprel ayında Elxan Süleymanovun və AŞPA-dakı 24 həmkarının imzası ilə irəli sürülən və beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan tərəfindən qanunsuz işğalına göz yummasını tənqid edən ilk qətnamə layihəsi 2013-cü ildə Strasburqda keçirilmiş yaz sessiyasında Assambleyanın o vaxtkı prezidenti cənab Minyonun veto qərarı ilə rədd edilmişdi.

Elxan Süleymanov izah edir: “Mən 9 may 2013-cü ildə AŞPA-nın 31 üzvü ilə birlikdə yeni qətnamə layihəsi irəli sürdüm və bu qətnamə layihəsinə Assambleya Prezidenti tərəfindən veto qoyulmasa da, bu dəfə onun dəsətyi ilə Sədarət Komitəsində sənədin qarşısı alındı”. Beləliklə, 2013-cü ildə irəli sürülmüş hər iki qətnamə layihəsi qaydalara açıq-aydın müvafiq olsa da, ədalətli olaraq gözlənilən siyasi reaksiyaya nail ola bilmədi. “Nə üçün? Nə üçün AŞPA erməniləri kor-koranə dəstəkləyir, Azərbaycanın ədalətli hüququna isə məhəl qoymur? Təkrarlanan bu hərəkətlər nə məqsəd daşıyır?”, – Süleymanovun bu sualları cavabsız qaldı.

Sərsəng su anbarı

Lakin asanlıqla təslim olmaq Süleymanovun üslubu deyil. İşğal edilmiş ərazilərə dair istənilən ümumi müzakirənin qarşısı alındıqdan sonra o, nəzarətsiz Sərsəng su anbarının strateji əhəmiyyətini və yaratdığı həqiqi təhdidi vurğulayaraq, bu müzakirənin təcililiyini nümayiş etdirdi: “Mən 26 iyun 2013-cü ildə AŞPA-nın 18 müxtəlif ölkəsindən olan 45 deputatın imzası ilə üçüncü qətnamə layihəsini irəli sürdüm. Bu qətnamə layihəsi Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının ən azı bir milyona yaxın azərbaycanlı əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan çox bərbad və təhlükəli vəziyyətə düşməsinin fövqəladə hal yaratdığını vurğulayaraq, AŞPA-nı dərhal və təcili siyasi tədbir görməyə çağırır.” Lakin bu qətnamə layihəsi də Prezident və Sədarət Komitəsi tərəfindən rədd edildi. Bu yeni uğursuzluq çoxlarını məyus edərdi, lakin Elxan Süleymanovu yox.

O, 1 apreldə Sərsəngə dair yeni qətnamə layihəsi hazırladı və əhəmiyyətli səylərdən sonra qərarvericiləri sənədin Büro tərəfindən məruzə və müzakirə üçün Sosial Məsələlər Komitəsinə yönləndirilməsinə inandıra bildi. Elxan Süleymanov: “Bu, irəliyə doğru atılmış böyük addım idi, çünki uzun illərdən bəri ilk dəfə belə mövzuda hər hansı məruzə barədə razılığa gəlindi. İndi biz ümidvarıq ki, 2015-ci ilin əvvəlinə qədər Sərsəng su anbarına dair bu məruzənin nəticəsi ədalətli, bitərəf və hərtərəfli olacaqdır.”

Ermənistana qarşı sanksiyalar?

Bu arada Elxan Süleymanovun təşəbbüsü əsasında Ermənistanın Azərbacyan ərazilərinin silahlı işğalını davam etdirdiyinə görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqini tələb edən yeni qətnamə layihəsi 18 iyun 2014-cü ildə AŞPA-nın internet səhifəsində dərc edildi. Bu sənəd AŞPA-nın 14 üzv dövlətini təmsil edən azı 58 deputat tərəfindən imzalanmışdı.

Lakin AŞPA-nın Baş Katibi cənab Saviçki erməni maraqlarının məşəlini uca tutaraq, qətnamə layihəsinə qarşı saxta prosedur etirazı qaldırdı.

Buna baxmayaraq, o, etirazını əsaslandırmaq üçün heç bir “qayda”nı sitat gətirə bilmədi. Lakin Süleymanov bu məqamdan istifadə edərək, yeni qətnamə layihəsi təklif etdi. “İkicə saat ərzində 16 üzv dövlətdən olan həmkarlarımdan 28 yeni imza topladım və hələ əvvəldən bizə qarşı mübarizə aparan cənab Saviçki bu hərəkətə elə təəccübləndi ki, yeni qətnamə layihəmi qəbul etməli oldu!”

Ancaq mübarizə başa çatmamışdı. Elxan Süleymanov Büronun cümə günü, 27 iyun 2014-cü il tarixli iclası barədə şərh verir: “Qurumun əməkdaşı kimi bitərəf olması hesab edilən cənab Saviçki təşəbbüsümü hətta açıq-aşkar Ermənistana qarşı provokasiya, təklif edilən məruzə başlığını isə tamamilə qəbuledilməz adlandırır. Ermənilərin qəyyumunun maskası düşür!” Büro iclası Katibliyin müəyyən ziddiyyətli müdaxilələrindən sonra tam çaşqınlıq vəziyyətində bitir və qərar yenidən Büronun Parisdə keçiriləcək 2014-cü il sentyabr iclasına qədər təxirə salınır. “Bu qədər çox yalan, bu qədər çox maneə və təxirəsalmalardan sonra 2 sentyabr 2014-cü il tarixli Paris iclası” Elxan Süleymanov üçün “qərarverici olmalıdır.”

Xoşbəxtlikdən, Parisdə sağlam düşüncə Katiblik rəhbərinin davamlı manevrlərinə üstün gəldi. Qətnamə layihələri 20 səs lehinə, 5 səs əleyhinə olmaqla, məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirildi. Lakin cənab Saviçki asanlıqla təslim olmur: o, Büroya xəbərdarlıq edir ki, qərar hələ Palata tərəfindən ratifikasiya edilməlidir və Komitədə hələ də sual altına qoyula bilər. “Şübhəsiz, Paris qələbəsi, Elxan Süleymanov üçün tarixi gün idi, lakin açıq-aşkar aydın oldu ki, növbəti ay ərzində bütün hücumlar bərpa olunacaq. Məhz bu da baş verdi.”

Növbəti döyüş

Bazar ertəsi, 29 sentyabr saat 15:00, Plenar iclas: Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərə dair məruzənin ratifikasiyası, səsvermələr

Həftənin ən mühüm anı, şübhəsiz, bazar ertəsi aralıq məruzəyə dair müzakirə və səsvermələr oldu, belə ki, buraya Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə dair məruzə hazırlanması barədə Büronun qərarının Parisdə Palata tərəfindən ratifikasiyası daxildir. Normal halda bu məruzə Büronun qərarları ilə birlikdə həmişə səsvermə keçirilmədən, yekdilliklə qəbul edilir. Məruzənin təşəbbüskarı Elxan Süleymanov da təəccüb içində idi: “Bazar ertəsi günorta iclasında Palatada bu dəfə bu qədər çox deputatın iştirakı çox qəribə idi. Aydındır ki, bütün bunlar erməni diplomatların güclü lobbiçiliyi və səfərbərliyinin nəticəsi idi, belə ki, onlar son həftələr ərzində Avropanın bütün paytaxtlarında deputatları bazar ertəsi iclasda iştirak etməyə və Büronun qərarını ratifikasiya etməməyə inandırmaq məqsədilə onların hər birinə müraciət ünvanlamışdı. Lakin həmin deputatların çoxu ermənilərin hiyləgər planları barədə özləri mənə məlumat verdi, ona görə də biz hazır idik.”

Bütün ermənilər çıxış edərək, Büronun qərarını kəskin tənqid etdilər və bu məsələnin ATƏT-in Minsk Qrupunun səlahiyyətində olduğunu və heç kəsə bunu müzakirə etməyə icazə verilmədiyini hiddətlə bildirdilər. Elxan Süleymanov bildirdi: “Lakin bu, məndə təbəssüm oyatdı, çünki açıq-aşkar onların özünə qarşı çevriləcək arqument idi: Parlamenti onun səlahiyyətli olmadığına inandıraraq, sonra necə onun rəğbətini qazanmaq olar?”

Digər bir neçə deputat Azərbaycanın xeyrinə əlavə arqument kimi, məruzəyə dəstək olaraq, Parisdə 20 səs lehinə, 5 səs əleyhinə olmaqla nəticələnən böyük çoxluğu xatırlatdı. İki saatlıq müzakirədən sonra səsvermə keçirildi. Bu, qətnamə layihəsinin müəllifi Elxan Süleymanovun həyatında ən gərgin anlardan biri idi: “Ermənilərin qətnamə layihəmin məruzə üçün yönləndirilməsinin qarşısını almaq üçün etdikləri təklif 74 səs əleyhinə, 41 səs lehinə və 13 səs bitərəf olmaqla, rədd edildi. Azərbaycanın bu parlaq qələbəsi bir çox dostlar tərəfindən alqışlandı, lakin mən anladım ki, məruzənin adını təsdiqləmək və Komitədə məruzəçi təyin etmək uğrunda mübarizə hələ davam etdirilməlidir.”

Çərşənbə, 1 oktyabr, saat 14:00, Siyasi Məsələlər Komitəsi: Səsvermə vasitəsilə Ermənistan tərəfindən məruzənin rədd edilməsi, başlığın dəyişdirilməsi, məruzəçinin təyin edilməsi istiqamətində son cəhdi.

İclasda iştirak edən 70-ə yaxın deputat əvvəlcə ermənilərin bu məruzənin başlanmasını rədd etmək üçün göstərdiyi son cəhd ilə qarşılaşdı. Lakin Palatada aparılan müzakirələrdən bəri ermənilərin arqumentlərinin etibarlı olmaması deputatların böyük əksəriyyətinə aydın oldu. “Ermənistanın mövqeyi yalnız 3 deputat tərəfindən dəstəkləndi, halbuki onlarla deputat öz istəkləri ilə Azərbaycanın mövqeyini dəstəklədi. Bu məndə həqiqi ümid yaratdı ki, ola bilsin, bu gün mən ölkəm üçün tarix yaza bilərəm!”,- deyə Süleymanov bildirdi.

Gözlənildiyi kimi və hiyləgər Baş Katib Saviçkinin proqnozlaşdırdığı kimi, məruzənin adı, “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” ermənilərin qərəzli, faydasız etirazına səbəb oldu. Məruzənin adı səsvermə vasitəsilə təsdiq edildikdən sonra ermənilər Komitə otağının qapılarını çırpdı. Onların mübarizəsi sona çatdı.

Lakin hər şey hələ qabaqda idi! Məruzəçinin təyin edilməsi ən son, lakin şübhəsiz, məruzənin özü başlamazdan əvvəl ən vacib qərar idi. Yeganə namizəd cənab Bob Volter qrup rəhbərləri tərəfindən qeyri-rəsmi qəbul edildi və onun təyin ediləcəyi güman olunurdu. Lakin son məqamda Sosialist qrupunun rəhbəri cənab Qross Assambleyanın keçmiş prezidenti cənab Minyonun namizədliyini irəli sürdü..! Komitədə hər kəs keçmiş prezident səlahiyyətinə malik şəxsin daha müvafiq namizəd olduğunu anlayaraq, bu təklifə təəccübləndi.

“Bu son gizli hiylə mənim üçün qəbuledilməz idi. Minyon öz prezidentliyi dövründə iki dəfə bu məruzəyə veto qoyduğu üçün onun bu sənədə qarşı çıxacağı məlum idi. Belə bir adam necə məruzəçi kimi təklif oluna bilər? O, bir neçə gün əvvəl namizəd idi, daha sonra geri çəkilir və indi yenidən önə çıxır. Ermənistan nümayəndə heyətinin üzvləri iclasda “iki ölkə arasında dialoqun tərəfdarı olduğu üçün məruzəyə etiraz etdiklərini” bildirərək, Minyonun əvvəllər istifadə etdiyi ifadələri eynilə işlətdi. Bu isə onun ermənilərə və erməni diasporuna nə dərəcədə yaxın olduğunu bir daha göstərir”,- deyə Süleymanov bildirir. Süleymanov sözlərinə davam edir: “Bundan başqa, məhz o vaxtkı prezident Minyon Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini dayandırmışdı. Belə qərar onun “dialoq tərəfdarı” olmasından irəli gəlirdimi? Minyon yaxşı bilir ki, ermənilər işğal etdikləri ərazilərdə törətdikləri cinayət əməlləri ilə üzləşməmək üçün “dialoqu gücləndirmək” üçün heç bir iclasda iştirak etməyiblər”,- deyə Elxan Süleymanov öz nitqini tamamladı.

“Mən Komitə iclasında cənab Minyonun qərəzli mövqeyini bütün komitə üzvlərinə ifşa etdim və hamısını onu dəstəkləməməyə çağırdım. Səsvermə keçirildi: cənab Volter çox aşağı nəticə ilə, lakin nəhayət ki, ədalətli olaraq 35 lehinə, 32 səs əleyhinə olmaqla, cənab Minyona qalib gəldi!”

Cənab Volter tərəfindən məruzənin və qətnamənin hazırlanması

Cənab Volter Azərbaycan və Ermənistan hökumətlərinə ünvanlanan eyni məktubda hər iki ölkəyə və hər iki tərəfdən işğal edilmiş ərazilərə və təmas xəttinə səfər etmək niyyəti ilə bağlı təklif etdi. O, Azərbaycan hökuməti tərəfindən müvafiq olaraq tam əməkdaşlıq və səfərlərlə təmin edildi. Onun Ermənistan hakimiyyətinə ünvanladığı heç bir müraciətə konkret cavab gəlmədi. Ermənistan onun mümkün səfərlərini müxtəlif əsassız bəhanələrlə yenidən və yenidən təxirə saldı.

Ermənistan strategiyası həmişə olduğu kimi, 20 ildən bəri status-kvonun saxlanılması və mövcud çıxılmaz vəziyyətin aradan qaldırılması ilə bağlı istənilən müzakirəyə icazə verilməməsi barədə təkid edirdi.

Cənab Volter Ermənistanın bu qəbuledilməz davranışını qətnamədə düzgün şəkildə vurğulayır: “Assambleya qeyd edir ki, 600,000 məcburi köçkünün regiondan köçkün düşməsi status-kvonun qəbuledilən olmadığına və sırf bir tərəfin xeyrinə “post-faktum” hesab edilmədiyinə dəlalət edir.”
AŞPA-nın Siyasi Məsələlər Komitəsi tərəfindən qəbuledilən bu məruzə və qətnamə indi AŞPA-nın rəsmi sənədidir.

Azərbaycanın hər iki məruzədən gözləntiləri nə ola bilər?

Sərsəng məruzəsi

Məruzəçinin faktaraşdırıcı səfərləri və dəyərləndirmələr barədə məruzə etməsi gələcək faciə barədə məlumatlılığı xeyli artıra bilər. Bitərəf beynəlxalq ekspert Sərsəng su anbarının pis vəziyyətdə olduğunu və orada yaşayan minlərlə insan üçün yaratdığı təhlükəni sübut edəcək. Belə olan halda sanksiyalara çağırış nəticə etibarilə qaçılmaz olacaq və bu, su anbarını ədalətli sahibi olan Azərbaycana qaytarmaq üçün mümkün hərəkətverici qüvvəsi kimi icra edilə bilər.

Su çatışmazlığı yaxın gələcəkdə milyonlarla insanı təhlükəyə atacaq qlobal problemə çevrilməkdədir. Birləşmiş Millətlər Təşkilatı proqnoz verir ki, Azərbaycan 2018-ci ilə qədər dünyada su çatışmazlığından əziyyət çəkən ölkələr arasında 37-ci yerdə olacaqdır.
Beləliklə, bu məruzə istənilən halda çox aktual olacaq.

İşğal olunmuş ərazilərə dair məruzə

Məruzə hazılamaq barədə yekun qərar və indi məruzəçinin təyin edilməsi ədalət naminə mübarizəmizdə əsas istiqamətdir. Təxminən on illik sükutdan sonra işğal edilmiş ərazilərlə bağlı davam etməkdə olan ədalətsizliyə yenidən beynəlxalq siyasi diqqətin yönəldilməsinə nail olmaq həqiqi tarixi qələbədir.

Bu o demək deyildir ki, işğal olunmuş ərazilər indi və ya yaxın gələcəkdə azad ediləcək, biz realist olmalıyıq. Lakin bu, əlbəttə, Avropada və dünyanın istənilən hissəsində məlumatlılığı artıracaq ki, ermənilər qonşu dövlət Azərbaycanın beşdə-bir hissəsini qanunsuz işğal altında saxlayır və onların etnik təmizləmə siyasəti bir milyon insanın məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Bu, onların beynəlxalq qərarlara riayət etməkdən imtinasını ifşa edəcək. “Məhz bu səbəbdən ermənilər bu məruzə ilə bağlı belə tərəddüd içərisindədir”, – Süleymanov izah edir, – “onlar yaxşı bilir ki, işğal Qorbaçovun rəhbərliyi altında baş verib və o zaman bu işğal bütün qlobal qüvvələr tərəfindən qeyd-şərtsiz təsdiqlənib. Onlar son 20 ildə təcavüzkar adlandırılmamağa nail olublar və indi belə bir məruzədən sonra bunun dəyişəcəyindən açıq-aşkar qorxurlar. Əmin olun ki, onlar bu andan etibarən beynəlxalq hüquqi sənəddə təcavüzkar adlandırılmaqdan dəhşətə gəlirlər!”

Nəticə

“Təşəbbüslərimə dəfələrlə veto qoyulması və onların qarşısının alınması yaddaşımda sürrealist səhnə kimi qalır”, – Süleymanov xatırlayır, – “hətta Büro, eləcə də plenar iclas lehinə qərar verdikdən sonra da müzakirə bütün səviyyələrdə davam etdi və elə təəssürat yaranırdı ki, məhkəmə artıq qərar verdikdən sonra da vəkillər müzakirəni davam etdirir. Təsəvvür edin, ermənilər nə dərəcədə ümidsizcəsinə həqiqətlə üz-üzədirlər.”

“Lakin bu, ilk növbədə ölkəm üçün böyük bir gündür”, – Elxan Süleymanov təsdiq edir, – “çünki ermənilərin artıq bağlı hesab etdiyi, lakin bizim üçün başlıca əhəmiyyət kəsb edən bu mövzu indi ictimai formada yenilənib. Ümid edirəm ki, digər beynəlxalq təşkilatlar da tezliklə bu məsələ ilə məşğul olacaq və bu mövzunu öz gündəliklərinə daxil edəcək.”

“Bundan başqa, biz dünyaya bəyan edirik ki, öz haqlı tələblərimizdən əl çəkmirik və ərazi bütövlüyümüzü həmişə qoruyacağıq. Məruzə qərəzli deyil, bitərəf olarsa, bütün dünya yüz minlərlə məcburi köçkünün başına gələnlərdən xəbərdar olacaq. Ümidvarıq ki, bu, qərb dünyasının gözünü açacaq və onlar ermənilərin hər zaman irəli sürdüyü dini arqumentlərin rəğbət və dəstək qazanmaq və qonşusunun ərazisini qanunsuz işğal etdiyini ört-basdır etmək üçün saxta bəhanə olduğunu görəcəklər. Din hər bir fərdin şəxsi fəaliyyət qabiliyyətidir və cinayət əməlini ört-basdır etmək üçün sui-istifadə edilə bilməz.”

“Son olaraq”, – Elxan Süleymanov əlavə edir, – “azərbaycanlı həmyerlilərimə bildirmək istərdim ki, Avropa öz maraqları çərçivəsində Azərbaycanla əməkdaşlıq etməyə məmnundur, lakin vəziyyət mürəkkəbləşdikdə Azərbaycan hər zaman tək qalacaq. Hesab edirəm ki, bizim səmimi və həqiqi dəstəyimiz yoxdur və azərbaycanlılar bunu nəzərə almalıdır!”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO