Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Media Hüququ İnstitutu (MHİ) və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə mediaya qarşı məhkəmə işləri ilə bağlı “dəyirmi masa” keçirilib.
MHİ-dən SalamNews-a verilən məlumata görə, tədbirdə əsas diqqət “Defamasiya haqqında” qanunun qəbulunun yubanmasına yönəlib.
Təşkilatçı Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, 2006-cı ildən bəri Milli Məclisə defamasiya haqqında üç qanun layihəsi təklifi təqdim edilib. Bu ilin əvvəlində isə Ölkə Prezidenti insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə bağlı proqrmaı təsdiqləyib. Hansı ki, həmin proqramda 2012-ci ildə defamasiya qanunun qəbulu nəzərdə tutulub. “Bununla belə hələ ki, defamasiya qanundan xəbər yoxdur, heç bir irəliləyiş nəzərə çarpmır. Buna görə də jurnalistlərə qarşı böhtan və təhqirə görə qaldırılmış məhkəmə işləri də narahatlıq doğurmaqda davam edir”.
MHİ-nin koordinatoru Xalid Ağaliyev isə mediaya, jurnalistlərə qarşı məhkəmə işlərinin statistikası barədə məlumat verib. Ümumilikdə 2005-ci ildən bəri jurnalistlərə qarşı 300-dən çox məhkəmə işi açılıb, 21 jurnalist həbs olunub, medianın üzərinə 4 milyon manatdan çox cərimə qoyulub.
Hüquqşünas Ələsgər Məmmədli Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən işlərilə bağlı danışıb və bildirib ki, Avropa Məhkəməsində Azərbaycan əsasən cəzanın adekvat verilməməsinə görə uduzur. O deyib ki, Eynulla Fətulayevin, Yaşar Ağazadənin, Rövşən Mahmudovun işlərində də yerli məhkəmələr düzgün qərar çıxarmadığından Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın Avropa Konvensiyasının 10-cu maddəsini pozması qərarına gəlib.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev söyləyib ki, defamasiya ciddi problemdir. Ancaq bir nömrəli məsələ deyil. Daha vacib başqa məsələlər var.
“Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev isə medianın durumunun acı olduğunu və Defamasiya haqqında qanunun qəbulunun çoxdan çatdığını vurğulayıb