Hicran Hüseynova
1970-ci il 7 noyabrda Füzuli rayonunda doğulub. Orda orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Hazırda Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalında publisistika şöbəsinə rəhbərlik edir.
Yazıçılar Birliyinin üzvü, “Yaşıl eskiz” adlı kitabın müəllifidir. Müxtəlif illərdə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi nəsr və publisistika musabiqələrinin qalibi olub. Yaradıcılığında əsas yer verdiyi hekayə və pritçalardır. Xeyirə, doğruya, ədalətin bir gün qələbə çalacağına inanır.
Ədəbiyyat nədir?
Əvvəlcə “Ədəbiyyat nədir?”sualına cavab verəcəm. Erudisiyalı oxucularımın üzündəki yarıtəəccüb, yarıkinayəli ifadəni indidən görürəm. Bəşəriyyətin yaşı qədər qədim tarixi olan ədəbiyyatın tərifi bu gün niyə verilir? Ədəbiyyatın insan qəlbinin mühəndisi, həyat dərsliyi, insanşünaslıq, hətta sovet ideologiya maşınının təkərciyi, vintciyi olmasını xatırlayanlar da tapıldı yəqin.
Söz sənətinin nə olduğunu, nəyə xidmət etdiyini kim bilmir ki? Kim bilməsə də ədəbiyyata dəxli olanlar bilməmiş deyil. Bu yazını da təsadüfi oxucular yox, söz adamları oxuyacaq, buna əminəm. Ancaq heç yazını oxuyub başa çatmamış qeyri-ixtiyari düşünəcəklər: “sən demə…”, “doğrudan aa”, “əlbəttə”.
Ədəbiyyatın məhv etdiyi adamlar
Bunlar ədəbiyyatın məhv etdiyi kəslər olacaq. Bu ifadənin (Ədəbiyyatın məhv etdiyi adamlar) müəllifi mənəm. Və bu xoşagəlməz, heç bir halda yaxşı təsir bağışlamayan ifadənin yarandığı vaxtadək mən uzun-uzadı müşahidələr aparmış, dəfələrlə köks ötürmüşəm. Az qala hər gün gördüyüm bədbəxt ədəbi simalar gözlərim önündədir. Yazdığı…- nı şikəst balası kimi bağrına basıb, qəlbində birtəhər ümid qığılcımları oyadaraq qarşısındakı başqa bir bədbəxtdən (ədəbiyyatın bədbəxt elədiyi digər bir şəxsdən) xoş söz, isti münasibət, yalançı olmuş olsa belə tərif gözləyir bu adamlar.
Sanki həyatda bundan (ədəbiyyatdan) başqa üz tutacağı, sığınacağı heç nə yoxdur. Adi bir təbəssümdən çiçəyi çırtlayan bu qələm sahibləri yaşadığı xoş anları davamlı etmək, bu “sevinc”in ömrünü uzatmaq üçün daha nələr etmirlər… “Əl əli, əl də üzü yuyacaq” xülyası ilə boğazdan yuxarı təriflər deyir, şablon fikirlərini muncuq kimi sapa düzürlər. “Sən yaz mənə dair, mən yazım sənə dair” onların həyat prinsipinə çevrilir.
Əl çalırlar-alçalırlar. Ancaq alçaldıqlarını görəcək halda deyillər artıq, yaxud da bilərəkdən görmək istəmirlər. Özünü aldadıb yaşamaq daha asandır axı. Bir qismi yeknəsəklikdən qaçmaq, kütlədən nisbətən fərqlənmək üçün polemikalar, diskussiyalar aparır.
Kürreyi-ərzdə dağların, dərələrin, okeanların yerini dəyişdiyni zənn edir, axan çayları dayandırdığını düşünür. Yenə özünü aldadaraq inanır, elə inanır ki, qarşısındakını da inandırır; ədəbiyyat elm deyil axı (!), iki dəfə iki heç də həmişə dörd etməyəcək. Ədəbi aləmdə hər əsərə necə yanaşsan, qiyməti, dəyəri o olacaq.
Mənim söz yığını, makulatura saydığım nümunəni başqa biri şedevr sayar, fikrini min cür dəlil-sübutla sitatlarla, aforizimlərlə, daha nə bilim nəylə əsaslandırar. Yaxud əksinə.
Hə, özünü aldadıb inanan, eyni təsir qüvvəsiylə qarşısındakını da ovsunlayıb inandıran qələm sahibindən danışırdım. O, bu məqamda ən azı zövq alır.
Zövq mənbəyi
Əlbəttə, yaradıcılığın insana verdiyi mənəvi zövq, bir növ həzz danılmazdır. Bu sevinci mən də yaşamışam. Romen Rollan da bir vaxtlar deyirdi ki, yaradıcılıq ölümün özünü öldürməkdir. Psixoloqların, tədqiqatçıların rəyi də bunu deyir: yaradıcılıq sevinci pulun gətirdiyi xoşbəxtlikdən də çox xoşbəxtlik gətirir. Ancaq inanın, bu həzz və ya zövq sabun köpüyü kimidir, partlayandan sonra yerində heç nə qalmır.
O vaxt, yəni sabun köpüyü partlayandan sonra bu həzzi ardıcıl edə bilməyəcəksən, hər şey yaşanılıb axı, özünçün də, özgələrçün də. Onda Rasim Qaraca kimi “gördük kitab oxuyan yoxdur, dedik bəlkə söyüş kitabını oxuyalar” deyəcəksən. Hə, gəldik çıxdıq bugünkü ədəbi dünyamıza.
Ədəbi dünyamız bu gün
Bir vaxtlar “tozunu aldığımız” söz mülkü darmadağın olub artıq, hər özünü, ədəbi ictimaiyyəti aldadan “yalançı” bir kərpic qoparıb bu mülkdən. Mən deməsəm də bilirsiz nə qalıb yerində-xarabalıq! İndi bu xarabalıqda ucuz söz bazarı qurulub.
Hər kəs öz matahını baha qiymətə sırıya bilər. Amma kimə? Oxucu yoxdur axı, daha doğrusu, oxucuda maraq yoxdur. Oxucuda maraq yaratmaqçün bunlar nəyə əl atmırlar? Bütün “izm”lərdən bezən oxucu yenilik axtarır. Yazarlar isə çıxış yolunu yenilik adına iyrənc səhnələr, sözlər və ya təsvirlərdə görür. İş o yerə çatıb ki, Ə.Əylisli kimi saflıq, duruluq təşnəsi olan tanınmış yazıçılar da indi iyrəncliklərin təsviriylə “dünyanın üzünə tüpürür”. Bu nədir? Postmodernizm, postpostmodernizm, yoxsa ədəbiyyatın sonu?