Dahi Dostoyevskinin “Gic…”ı və Azərbaycan yazarları ilə bağlı iki HADİSƏ

Məşhur rus yazıçısı Dostoyevskinin “İdiot” adlı bir əsəri var. “İdiot” sözünün tərcüməsi – əgər Rus-Azərbaycan lüğətinə müraciət etsək – səfeh, gic, axmaq, sarsaq, ağılsız, küt, əbləh deməkdir. Amma çox maraqlıdır ki, sözün Azərbaycan dilində qarşılığı olduğu halda Dostoyevskinin bu əsəri dilimizdə “İdiot” olaraq qalıb. Bu niyə belə olub? Atamın mənə danışdıqlarından.

Birinci hadisə…

Əvvəllər hər hansı bir əsər meydana gələndə Yazıçılar Birliyinin “Natəvan” klubunda geniş müzakirəsi keçirilirdi. Belə iclaslardan biri də Dostoyevskinin məşhur “İdiot” əsərinin azərbaycanca tərcüməsinə həsr olunur. Tərcümədəki incəliklər müzakirə olunduqdan, fikir ayrılıqları öz həllini tapdıqdan sonra növbə çatır əsərin adının tərçüməsinə. Biri deyir ki, “Axmaq” qoyaq, biri deyir ki, “yox, “Sərsəm” yaxşıdır”… Bu minvalla müzakirələr uzanır. Lakin ortaq ad tapa bilmirlər ki, bilmirlər. Axırda bu müzakirələrdən bezən məşhur alim – tənqidçilərdən biri ayağa qalxıb deyir:
– Ay yazıçılar, bu “İdiot”un bircə tərçüməsi var – “Gic…”. Hünəriniz varsa, belə yazın. Bacarmırsınızsa elə “İdiot” da qalsın.
Elə də olur. Bununla da müzakirələrə son qoyulur.

İkinci hadisə…

Bu hekayəti də atam danışıb. Məhz bəhs etdiyimiz sözlə bağlıdır.

– Beş-altı gənc şair oturub yaxşı yeyib-içirlər. Atam Qabil də onların arasında olur. Onlardan biri – 40 yaşlı Hacağa hey deyir ki, it üstünə cumubmuş. O da qorxub. Bütün qonaqlıq boyu bu təsirdən çıxa bilməyən Hacağa öz qorxmağıynan dostlarını da bezdirir. Axırda şairlərdən biri təklif edir ki, Maştağada yaxşı Çıldağ tanıyır. Hacağanın qorxuluğunu ancaq orada çıxartmaq olar. Dostları da onu dəstəkləyirlər. Beləliklə Hacağanı gətirirlər Çıldağa. İçkili olduqlarından hörmət əlaməti olaraq içəri keçmirlər. Qapıda düzülüb başlayırlar ahənglə oxumağa:

– Gətirmişik Hacağanı Çıldağa…

Amma, çıldağçı bayıra çıxmır. Bir də oxuyurlar:

– Gətirmişik Hacağanı Çıldağa…

Bir az da bərkdən oxuyurlar:

– Gətirmişik Hacağanı Çıldağa…

Səsə çıldağçı axır ki, bayıra çıxr. Şairlər barmağıyla Hacağanı ona göstərərək:

– Gətirmişik Hacağanı Çıldağa.

Çıldağçı isə bir Hacağaya baxır, bir də şairlərə. Başa düşür ki, onlar dostlarıyla məzələnirlər. Bədahətən də cavab verir.

– Gətirmisiz Hacağanı Çıldağa?
– Çıldağ neyləsin bu boyda gicd…a…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO