Dərdi çəkən bilər…

Rusiya telekanalları efirə hər gün ard-ardınca Ukraynadan qaçqın düşmüş rusdilli əhali barədə süjetlər verir. Onların ağır vəziyyəti, Rusiya hökumətinin qaçqınların yerləşdirilməsi istiqamətində gördüyü işlər süjetlərin ana xəttini təşkil edir. Müəlliflər efirə verilən süjetlərdə məktəb və sanatoriyalarda yerləşdirilən qaçqınları danışdırmağı da unutmurlar. Qısası, onlarda öz növbələrində “mərdimazara” əməllicə lənət oxuyur…

***

Süjetlərə baxdıqca xatirələrim məni 1992-ci ilin əvvələrinə aparır – may ayının ağır günlərinə. Ağdamda hərbiçilərin əlindən tərpənmək olmurdu. Erməni silahlıları tərəfindən Xocalı soyqırımı törədilmişdi. Fevralın 27-dən başlayaraq Ağdam məscidinə onlarca Xocalı qurbanlarının gətirilməsi yerli sakinləri şoka salmışdı. Respublikanın Qarabağ üzrə idarəetmə qərargahının “rayispolkom”un binasında fəaliyyət göstərməsi əhaliyə bir qədər ümid versə də, ümumi vəziyyət hər kəsi düşünməyə vadar edirdi. Ölkədə siyası gərginlik isə zirvə nöqtəsinə çatırdı. Belə bir məqamda mart ayınnın 12-də Novruz bayramı qabağı Ağdam şəhəri erməni silahlılarının güclü “Qrad” atəşinə tutulur. İlk dəfəydi ki, şəhər belə mərmi yağışına məruz qalırdı. Şəhərin elə bir yeri yox idi ki, ora mərmi düşməsin. Ağdam ciddi dağıntıyla üz-üzə qaldı…

Şuşada ciddi döyüşlərin getdiyi bir vaxtda, may ayının 8-dən 9-na keçən gecə Fərrux yüksəkliyinə hücum təşkil olundu. Hazırlıqsız hücuma keçən ordu itkilər verəsi oldu. Məhz bu döyüşdə həlak olanların arasında yaxın qohumum Eldar Hümmətov da var idi. Qırx günlük oğlunun üzünü belə doğru-dürüst görə bilməyən kiçik leytenant Eldar Hümmətov manqa komandiri kimi neçə vaxt idi ki Şirin Mirzəyevin komandir olduğu hərbi hissədə döyüşürdü. Hələ uşaqlıqdan silah işlətməyə marağı olan Eldar hadisələrdən çox qabaq işə düzəlmək üçün sənədlərini daxili işlər orqanlarına vermişdi. Hətta Ermənistanda 3 aylıq kurs da keçmişdi…

Həmin gün Xıdırlı kəndi iki qəhrəman oğlunu itirdi…

O illərdə Ağdamın Sarıhacılı kəndi istiqamətində olan Böyük Vətən Müharibəsində həlak olmuş həmyerlilərimizə həsr olunmuş Abidə kompleksi  Şəhidlər Xiyabanına çevrilmişdi. Döyüşlərdə həlak olanlar burada dəfn olunurdu. Onlarca ağdamlı olan və olmayan həmyerlimizin məzarı məhz bu xiyabanda idi…

Dəfndən sonra qəbrüstündə yaddaqalan çıxışlar oldu. Hamı bir ağızdan düşmənə lənət oxudu. Sonda yaylım atəş açıldı…

May ayının 11-də mərhumların üçü günü idi. Kənddə olan, xəbəri eşidənlər qonşu olan Eldar və Rasimin yas mərasimlərində iştiraka tələsirdilər. Məclisə gələnlərin hərəsi bir xəbər gətirirdi. Bunun nə qədər həqiqətə uyğun olub, olmamasını heç kim bilmirdi. Saat 2-3 radələrində çox ciddi atışmalar başlandı. Kəndin 1 və 2 nömrəli məhəllələrinə ardıcıl mərmilərin düşməsi aləmi bir-birinə vurdu…

Artıq saat 3-də ağsaqqalların təkidi ilə yas məclisi yığışıldı. Hamı öz başının hayına qalmışdı…

Beləcə, kənd sakinləri hərəsi bir tərəfə üz tutdu…

***

İyunun əvvələrində isə Quzanlıda oturub Ağdamı düşünürdüm. İnformasiya alınası yer də yox idi. Heç efirdə verilənlərə belə inanmaq olmurdu. Xocalı soyqırımı günü nələrin deyildiyinin və görüldüyünün hamı şahidi olmuşdu. İki nəfərin öldüyü deyilsə də, sonradan faciənin hansı miqyasda olması üzə çıxdı. Odur ki, hamı gözüylə gördüyünə inanırdı…

Odur ki, mən də göy rəngli “Moskviç”imizlə şəhərə üz tutdum. Əvvəlcə şəhərdə maşınla gəzib, dolaşdım. Şəhər qaynar qazana bənzəsə də, insanların üzündə ağır bir kədər hissi var idi…

Şəhərə gəlməyim heç yarım saat çəkməmişdi. Mərmi düşən ərazilərdə isə az adam hərlənirdi…

Şəhərdə ancaq böyüklərə rast gəlmək olardı. Uşaq və yaşlılar qohum-əqraba evinə aparılmışdı. Müvəqqəti sığınacaq kimi. Hamıda geri qayıdacağımıza böyük ümid var idi.

Şəhərin mərmi düşməyən hissəsində isə tikinti işləri gedirdi. Hətta yadımdadı ki, Qiyaslıda, Seyidlidə və Xıdırlı kənd orta məktəbinin yan-yörəsində yeni ayrılmış torpaq sahələrində tikinti işləri gedirdi…

Eldar da özünə gen-bol bünövrəli ev götürsə də, ancaq bir hissəni tikə bilmişdi. Erməni hücumları onun evinin tikintisini başa çatmasına imkan vermədi…

Həyatı kimi, evi də yarımçıq qaldı…

Döyüş yoldaşı olmuş Şahlar Əmirov sonralar yazırdı ki, Eldar Hümmətov bacarığına və fərasətinə görə hamımızdan seçilirdi. Manqa komandiri kimi, həmişə əsgərlərin önündə gedər, şəxsi keyfiyyətləri ilə döyüşçü yoldaşlarına nümunə olardı. Həmin aylarda Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəxsi fədakarlığına görə komandir tərəfindən mükafatlandırılmışdı.

Ş.Əmirovun yazdıqlarından: “Gecə saat üç radələrində hücuma keçdik. Qarşımıza qoyulan əsas vəzifə Fərrux yüksəkliyini almaq idi. Hücumda otuz bir nəfər var idi. Erməniləri tutduqları mövqelərdən geri çəkilməyə məcbur etdik. Heç bir itkimiz olmadı. Həmin vaxt digər istiqamətlərdən hücum planlaşdırılsa da hücumda yalnız bizim bölük idi. Belə gərgin məqamda rabitə əlaqəmiz kəsildi…

Bundan istifadə edən erməni silahlıları müxtəlif çaplı pulemyotlardan bizi atəşə tutdu…

Nəticədə geri çəkilmək məcburiyyətində qaldıq. Eldar dörd nəfərlə irəli keçərək, bizi itkisiz geri çəkilməyimiz üçün düşmənin atəş nöqtələrini susdurmağa çalışdı. Məqsədi bizi qorumaq idi. Hiss olunurdu ki, düşmən itki verir. Qarşı tərəfdən atəş səsləri azalırdı…”

Gülləsi qurtardığından darağı dəyişən məqamda düşmənin atdğı güllə Eldarın düz ürəyinə dəyir. Səngərdə olan döyüşçü yoldaşlarının fədakarlığı nəticəsində ağır vəziyyətdə olan Eldarı döyüş zonasından çıxarmaq mümkün olur…

İş işdən keçmişdi…

Kənd sakinləri səhər ala qaranlıqdan “Qarahacı” qəbrstanlığına tərəf yığışmışdılar. Əsgərlərə hərə əlindən gələn köməyi göstərmək istəyirdi. Çuxurməhlədən, Əhmədavardan, Xıdırlıdan olan yüzlərcə əli yalın ağdamlı axşam gedən döyüşdən danışır, hərə öz fikirini bildirirdi.  Atası Əhməd müəllimdə onların arasında idi. O gələndə xəbər yayılsa da, amma bir kimsə ürək edib bu xəbəri ona demək istəmirdi… 

Eldarın ruhu isə Xıdırlının üç nömrəlisində, öz evlərinin yanında, kənd orta məktəbinin yan-yörəsində dolaşırdı. Sonuncu dəfə xudafizləşmək üçün sanki oğlu Muradı axtarırdı…

***

Növbəti süjet efirə verilir. Eyni mövzu ilə döyüşdə həlak olmuş şəxsin həyat yoldaşı danışır. Gah kövrəlir, gah da əsəbi formada səbəbkarları lənətləyirdi…

Deyirlər dərdi çəkən bilir. Bizlərin nələr çəkdiyini hiss etmək üçün onu yaşamaq lazımdır…   

Zamanın hökmüylə tarix sanki təkrarlanır…

Amma bu dəfə Rusiyada…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO