Avropanın 53 yaşlı kanalı olan Bolqarıstan Milli Televiziyası ilə (BNT) Azərbaycanın İctimai Televiziyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Modern.az xəbər verir ki, sənəd iki kanal arasında ictimai yayımçılığın bütün sahələrini əhatə edən əməkdaşlığı nəzərdə tutur.
“Bolqarıstan Milli Televiziyası, Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə əməkdaşlıqda çox maraqlıdır. Avropa Yayımları Birliyinə üzv olan hər iki kanalın əməkdaşlığı xalqlar arasında mövcud ələqələrin bundan sonra da uğurla inkişafına öz tövhəsini verəcək”.
Bu sözləri Bolqarıstan Milli Televiziyasının direktoru Vyara Ankova Azərbaycan İctimai televiziyanın kollektivi ilə görüşündə deyib. Fəaliyyət göstərdiyi 7 ildə Azərbaycan İctimai Televiziyasının böyük uğurlara imza atdığının şahidi olduğunu deyən Vyara Ankova kanallar arasında əməkdaşlıq sahəsində əhəmiyyətli layihələrin reallaşacağına da əminlik ifadə edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bildirib ki, media işçiləri arasındakı bu əməkdaşlıq xalqların bir-birinin tarixini, mədəniyyətini daha da yaxından tanımasına şərait yaradacaq. Qeyd olunub ki, ortaq yayımlar hər iki kanal əməkdaşlarının təcrübə mübadiləsi baxımından da olduqca əhəmiyyətlidir. Tərəflər əməkdaşlığın dərinləşməsinə xidmət edən bu müqavilədən məmnun qaldıqlarını ifadə ediblər.
“Bu müqaviləni imzaladığımız üçün çox şadam. Çünki, hər iki kanal Avropa Yayımları Birliyinin üzvüdür. Düşünürəm ki, bu əməkdaşlıq sayəsində bir çox uğurlu layihələrə imza atacağıq. Sizin televiziyanın kollektivi ilə də tanış oldum, sevindiricidir ki, kollektivdə gənclər üstünlük təşkil edir. Eyni zamanda, studiyalarınızı gəzdim, bütün avadanlıq yenidir və müasirdir. Proqramlarınızı da çox bəyəndim. Bütün bunlar məni heyrətləndirdi” – deyə Bolqarıstan Milli Televiziyasının direktoru Vyara Ankova bildirib.
Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini də vurğulayan Vyara Ankova Bakıda keçirilən beynəlxalq forumun əhəmiyyətinə də toxunub: “Ölkənizi çox sevdim. İnsanları, memarlığı diqqətimi çəkdi. Çox qonarpərvərsiniz. Ən əsası isə, dünyada problemlərin çox olduğu bir vaxtda Bakıda beynəlxalq humanitar forumun keçirilməsi mənim bu fikirlərimi bir daha təsdiqlədi. Hesab edirəm ki, bu forum humanitar sahədə çox ciddi addımdır. Forum çərçivəsində aparılan müzakirələr ölkələr arasında humanitar əlaqələrin inkişafına müsbət təsir göstərəcək”