Abid Tahirli
Rusiyada mətbuat və islam nəşrləri
Yaşadığı dövrdə mətbuatın tərəqqiyə təkanverici qüvvə olduğunu dərindən dərk edən İsmayıl Qaspiralı Rusiya müsəlmanlarının nəşrinə nail olmaq üçün fədakarlıqla çalışıb. Onun «Rusiyada mətbuat və islam nəşrləri» adlı yazısını da («Tərcüman», 1884-cü il, 8 yanvar, № 1) bu qayğının bariz nümunəsi hesab etmək olar. Bu analitik məqalə, həm də mətbuat tarixini araşdırmaq baxımından dəyərli və diqqətçəkəndir. Müəllif XIX əsrin II yarısında Rusiyadakı müsəlman nəşrləri haqqında müəyyən təəssürat yaratmaq üçün konkret faktlara müraciət edir: «Rusiyada türk dilində dörd qəzet nəşr olunmaqdadır. Tiflisdə «Ziya», «Kəşkül» Azərbaycan şivəsində və Daşkənddə «Türkistan qəzeti» (1870-ci ildən rus dilində çıxan «Türkestanskie vedomosti» rəsmi qəzetinin özbəkcə variantı) sart şivəsində nəşr olunur. «Tərcüman» isə Baxçasarayda rusca və Krım türkcəsində çıxmaqdadır. Bu qəzetlərin dördü də kiçik formatlıdır».
Sonra müəllif qəzetin naşirləri, redaktorları barədə məlumat verir, qeyd edir ki, «Ziya» qəzeti Səid Ünsizadə, «Kəşkül» Cəlal Ünsizadə, «Türkistan qəzeti» Nikolay Petroviç Ostroumov tərəfindən buraxılır. Ərəb hərfləri ilə basmaxanaların (nəşriyyatların) sayı 8-dir: Peterburqda Akademiya basmaxanası, Kazanda Universitet basmaxanası və daha iki qeyri-rəsmi basmaxana, Daşkənddə Vilayət basmaxanası, Tiflisdə Ünsizadə basmaxanası və digəri də Baxçasarayda «Tərcüman»ın basmaxanası fəaliyyət göstərir. «İslamların baş kitab bazarı»nın Kazan olduğunu vurğulayan İ.Qaspiralı burada nəşr edilən kitabların bütün Rusiyaya yayıldığını göstərir, eyni zamanda xarici ölkələrdə ərəb əlifbası ilə buraxılan kitabların Rusiyaya demək olar ki, gəlmədiyini təəssüflə yazır.
Maraqlı və diqqətçəkəndir ki, müəllif 1883-cü ildə Kazan, Peterburq, Tiflis, Baxçasarayda nəşr olunan bütün kitabların cəmisi haqqında, onların adı və tirajı barədə, nəşr olunduğu şəhər barədə məlumat verir. Nəşrlərdən 2-si Peterburqda, 5-i Tiflisdə, 1-i Baxçasarayda, qalanları Kazanda buraxılmışdır. Az qismi əlifba, lüğət, hekayədən, əksəri isə dini kitabdan ibarət olan həmin nəşrlərin ən azı 100 nüsxə, ən çoxu 60.000 nüsxə cəmi 703.000 tirajla çap edilmişdir. İ.Qaspiralı sonuncu rəqəmin ilk baxışda çox göründüyünü, lakin digər xalqların nəşrləri ilə müqayisəolunmaz dərəcədə az olduğunu yazır, qeyd edir ki, kitab nəşri yəhudi və ermənilərdə bizdən 3 qat çoxdur, ermənilər isə bizdən 5 dəfə çox qəzet buraxır.
Elmə, sənətə dair kitabların olmadığını ciddi qüsur hesab edən Qaspiralı «çox oxumaq, çox yazmaq və nəşr etmək məcburiyyətindəyik» – deyə həyəcan təbili çalır, sonda da xəbərdarlıq edir: tərəqqi dövründən geri qalmamaq istəyiriksə, dərdimizə çarə tapmalıyıq, artıq vaxtdır, sonra gec olacaq!