Nəsib Nəbioğlu: “Az adam bilir ki, Çingiz Hüseynov Əbülfəz Qarayevin də elmi rəhbəri olub”
Moskvada yaşayan azərbaycanlı şair, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, Nəsib NəbioğluModern.az-ın suallarını cavablandırıb.
– Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin yaramasının təşəbbüskarı Moskvada yaşayan qocaman yazıçımız Əbdül Hüseynov olub. 2003-cü ildə Bakıda olarkən o, AYB-nin 1-ci katibi Fikrət Qocayla bu barədə danışıb. Sonra Birlik sədri Anar bu təşəbbüsü bəyənib. Hazırda Moskva bölməsinin sədri Tofiq Məliklidir. İlham Bədəlbəyli və mən bölmənin katibləriyik.
– Yazıçı Çingiz Hüseynov da bu bölmənin yaradılmasında iştirak edibmi?
– Çox təəssüf ki, bölməmiz yarananda nə Çingiz Hüseynov, nə də Alla Axundova orada olmayıb. Sadəcə olaraq onlar bu toplantıdan xəbərsiz idi. Bu şəxslər bir dəfə də olsun Yazıçılar Birliyi Moskva bölməsinin iclaslarında və tədbirlərində iştirak etməyiblər. Halbuki Moskva bölməsi yaranan gündən ta bu vaxta qədər “Ocaq” Cəmiyyəti ilə birgə çox sayda geniş tədbirlər həyata keçirib. Təşkilatı yaratmaqda da əsas məqsədimiz azərbaycanlı yazıçılarını bir qurumda birləşdirmək, bir-birimizə ədəbi fəaliyyətimizdə yardım etmək, həyan olmaq idi. Ona görə də bu bölməni yaratdıq və bu olduqca vacib bir iş idi. Hər halda mən və bölməmizin üzvləri belə fikirləşirdik.
– Hazırda Moskva bölməsinin neçə üzvi var və AYB-in qurultayında neçə nümayəndə ilə təmsil olundu?
– Əvvəl yarananda bölməmizin 10-12 nəfər üzvü vardı. İndi isə 4 nəfər qalmışıq: Tofiq Məlikli, İlham Bədəlbəyli, Rafiq Qafarov və mən. Rafiq Qurbanov, Sabir Abdulla, Fərhad Ağamalıyev dünyalarını dəyişib. Eduard Bağırov üzvlükdən imtina etdi. Ramiz Abutalıbov, Əbdül Hüseynov, Abuzər Bağırov, Sultan Mərzili, Əliş Əvəz, Zümrüd Quliyeva isə tədbirlərimizdə iştirak eləmirlər.
Qurultay ərəfəsində Tofiq Məlikli iclas keçirdi, dedi ki, Yazıçılar Birliyindən qurultaya gedənlərin siyahısını tutmağı ona həvalə ediblər. Mən iclas olan gün işim olduğundan o toplantıda iştirak eləmədim. Sonra eşitdim ki, iki nəfərlə toplaşıblar. Qurultay günlərində mətbuatdan öyrəndim ki, Azərbaycan Yazıçılar Birliyinin XII qurultayına bizim bölmədən Tofiq Məlikli və İlham Bədəlbəyli gedib.
– Yazıçı Çingiz Hüseynovun qurultaya çağırılmamasından şikayətçidir. Bunun səbəbkarı kimi Moskva bölməsini göstərə bilərikmi?
– Əvvəla, Çingiz Hüseynovun AYB-dən istefa verməsi xəbəri məni olduqca sarsıtdı. Bu xəbər Çingiz Hüseynovu yaxında tanıyan bir adam kimi mənə olduqca pis təsir elədi. Bu yaşda tanınmış, adlı-sanlı yazıçımızın istefa verməsinə çox təəssüflənirəm. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Çingiz Hüseynovun AYB-dən istefa verməsiylə bağlı məlumatında bildirib ki, Moskvadan qurultaya gələn qonaqları Yazıçılar Birliyinin Moskva bölməsi müəyyən edir. Amma Çingiz Hüseynov Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin təsisçilərindən deyil və onun tədbirlərində də iştirak eləməyib. Bölməmiz yarananda mən Moskvada yaşayan yazıçı və şairlərimizin adlarını ümumi siyahıya salmışdım. Dönə-dönə Çingiz Hüseynov və Alla Axundovanı da tədbirlərimizə dəvət etmişəm. Düşünmüşəm ki, bəlkə ətəklərindəki daşları tökdülər. Çingiz Hüseynov isə yaşını və səhhətini hər dəfə bəhanə edirdi. Alla Axundova isə hər dəfə mənə “kiçik işlərlə məşğul olub, vaxtımı itirmək istəmirəm!” – deyirdi. Amma əslində Çingiz Hüseynov da, Alla Axundova da Tofiq Məlikliyə görə bölməyə gəlmirdilər. Bunlar hamısı onların aralarında olan soyuq münasibətdən qaylaqlanır. Tofiq Məlikli onları, onlar isə heç vaxt Tofiq müəllimi bəyənməyiblər. Amma Çingiz Hüseynov “Şəhriyar” məclisin təbirlərində iştirak edirdi. “Şəhriyar” məclisi “Millətlər Evi”nin böyük zalında onun yaradıcılıq gecəsini, ”Fətəli fəhti“ romanının təqdimatını da keçirib. Alla Axundova da bir dəfə də olsun bölmənin tədbirlərində iştirak etməyib. Amma Azərbaycan Yazıçılar Birliyinin XII qurultayında iştirak edib. Buna onun haqqı çatır. Onu qurultaya Tofiq Məlikli yox, Fikrət Qoca dəvət edib. Azərbaycan Yazıçılar Birliyi istəsəydi, fərdi qaydadaÇingiz Hüseynovu da qurultaya dəvət edərdi.
Xüsusi çəkisi olan yazıçıya bu münasibət nədən qaynaqlanır?
– Çingiz Hüseynov ən tanınmış yazıçımızdır. Həqiqətən də “onun çəkisi” çox ağırdır. Mən Azərbaycanımızdan kənarda ikinci belə qüdrətli, məşhur, adlı-sanlı yazıçı tanımıram. Onu yalnız Azərbaycanda, Rusiyada deyil, dünyanın bir sıra ölkələrində tanıyırlar. 1959-cu ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub və milli ədəbiyyatımızın təbliğində, yayılmasında danılmaz rolu olub. Çingiz Hüseynov “Məhəmməd, Məmməd, Məmiş”, “Fətəli fəthi”, ”Ailə sirləri”, “Doktor N” kimi məşhur əsərlərin müəllifidir. Bu əsərlər ona böyük şöhrət gətirib.
Məhəmməd peyğəmbərin həyatına həsr olunmuş “Əyilmiş cürdəkdən suyu dağılmağa qoymamalı” əsəri ədəbi mühitdə böyük səs-küyə səbəb olub.
Çingiz Hüseynov Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Mehdi Hüseyn və bir sıra digər Azərbaycan yazıçı və şairlərinin yaradıcılığından bəhs edən sanballı elmi məqalələrin müəllifidir.
Mən Çingiz Hüseynovu bir ağsaqqal kimi, bir yaxın dost kimi sevmişəm, aramızda yaş fərqimizin çox olmasına baxmayaraq 33 ildən çoxdur onunla dostluq edirəm. Çingiz Hüseynovun zəngin yaddaşa, zəngin mütaliəyə malik olan, mürəkkəb həyat yolu keçən, özünəməxsus yazı manerası olan, heç kəsi yamsılamayan yazıçıdır. Mən Çingiz Hüseynovun “Fətəli fəthi” romanının yeni variantının təqdimetmə mərasimində çıxışımda demişdim: “O xalq xoşbəxtdir ki, Çingiz Hüseynov kimi ensiklopedik savada malik olan yazıçısı var”. Sözümü yenə təkrar edirəm. Çingiz Hüseynovu 80-ci ildən tanıyıram. Bizi adına, şəxsiyyətinə, yaradıcılığına həmişə böyük məhəbbətlə yanaşdığım şair Nəriman Həsənzadə tanış eləyib. Ədəbi yaradıcılığı ilə bərabər Çingiz Hüseynovun pedaqoji fəaliyyətini qeyd etmək istəyirəm. Uzun illər Moskva Dövlət Universitetinin professoru olub, istər Rusiyada istərsə də, Azərbaycanda çox sayda alimlərin yetişməsində böyük zəhməti var. O, mənim də müəllimim olub, aspiranturada mənə dərs deyib, elmi rəhbərim olub. Bəlkə də çoxları bunu bilmir ki, XII qurultayında iştirak edən və bəzi iradlarını bildirən mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin də elmi rəhbəri Çingiz Hüseynov olub.
– Özünüz niyə qurultayda iştirak etmədiniz?
– Azərbaycan Yazıçılar Birliyinin qurultayına dəvət olunduğumu bilirdim. Amma özüm ora getməkdən imtina etmişəm. Bunun səbəbi odur ki, mayın 17-də, qurultaya düz bir ay qalmış Moskvada Mərkəzi Ədiblər Evində 60 illik yubileyimlə bağlı tədbir olub. Bu tədbirin keçirilməsində nə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi, nə də uzun illər İdarə Heyətinin üzvü olduğum “Ocaq” cəmiyyətinin heç bir rolu olmayıb.
– Yazıçılar Birliyindən narazılığınız hiss olunur, bu narazılığın təfərrüatları barədə danışa bilərikmi?
– Yazıçılar Birliyi cansız təşkilatdır. Yazıçılar Birliyindən yox, ayrı-ayrı adamlardan incimişəm. Yubileyim ərəfəsində saymazlıq edən insanlarda incimişəm. Təəssüf ki, yubiley gecəmdə belə Azərbaycan Yazıçılar Birliyinin mənə, yaradıcılığıma verdiyi qiyməti görmədim. Rusiya Yazıçılar İttifaqının ən nüfuzlu mükafatı – “Lermontov” ordeni ilə təltif olundum. Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarının heç birində yubileyim münasibətilə təbrik görmədim. Bu səbəbdən də Azərbaycan Yazıçılar Birliyinin XII qurultayında iştirakdan imtina etdim.