Bülənt Arınç azərbaycanlı jurnalisti holland jurnalistlə müqayisə etdi

Türkiyənin baş nazir müavini və hökumət sözçüsü Bülent Arınç “Todays Zaman”ın müxbiri Mahir Zeynalovun baş nazir Rəcəb Tayyib Ərdoğana tənqidi “tvit” yazdığı üçün deportasiya edilməsi barədə açıqlama verib.

Ans press-in “Cihan” xəbər agentliyinə istinadən məlumatına görə, mətbuat konfransı keçirən Bülənt Arınçdan deportasiya edilən “Todays Zaman”ın işçisi Mahir Zeynalov barədə sual verilib.

Baş nazir müavini məsələ ilə bağlı bu cür danışıb:

“Azərbaycan əsilli bu dostumuz son zamanda Türkiyə əsilli bir qadınla evlənmişdi. Türkiyə əsilli olmadığına görə o, əcnəbi hesab edilir. Bu insan haqqında danışarkən söyləyəcəyimiz sadəcə budur. Eynilə bir hollandiyalı, bir fransız müxbir kimidir. Buna baxmayaraq, iş icazəsi ala bilər. Çünki bu adam Azərbaycandan gəlir, amma bir türk qəzetində çalışır. Bizim xarici jurnalistlər kənardan gəlirlər, amma öz qəzetlərinin nümayəndəsi olaraq çalışırlar. O da mümkündür, bu da. Vaxt bitmədən müvəqqəti yaşamaq icazəsi alınmalıdır. Mətbuat-yayım və İnformasiya idarəsi xarici əcnəbi jurnalist olduğu üçün ona lazım olan icazələri, kartları paylayıb. 31 dekabr 2013-cü il tarixinə qədər bir problem yoxdur. Müddət uzadılıb və amma 31 Dekabr 2013-cü ildən sonra uzadılmayacağını söyləyiblər. Bu hansısa hollanda da deyilə bilər, yunana da. 31 dekabrda icazəsinin qurtarmağına baxmayaraq, Türkiyəni tərk etməmiş və üstəlik iki aya yaxın müddət Türkiyədə qalıb. Daha sonra da bu günki sənədlər onu göstərir, cəzasını da vermək surətiylə xaricə çıxıb, öz ölkəsinə qayıdıb. Yəni ki, “tvit” yazdığı üçün cəzalandırılmayıb. Müvəqqəti yaşamaq icazəsi vaxtı bitib və ölkədən çıxarkən icazəsiz yaşadığı üçün ona kəsilmiş 103 lirə (36 manat) cəriməsini də ödəyib.”

Qeyd edək ki, Türkiyədə nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov fevralın 7-də Türkiyədən deportasiya edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO